Accessibility links

Rusiya yenidən Mariupola yardımı əngəllədiyi vaxtda Kyiv və Moskva arasında danışıqlar davam edir


Ukrayna qüvvələri Kyiv və Çernihiv ətrafında rus qoşunlarını sıxışdırmaqda davam edərkən, mühasirədə olan cənub liman şəhəri Mariupola yardım çatdırılması və mülki sakinlərin təxliyəsi üzrə dayandırılmış cəhdlər fonunda Kyiv və Moskvadan olan nümayəndələr arasında danışıqlar bərpa edilib.

"Biz videokonfrans vasitəsilə danışıqları davam etdiririk" – deyə, Rusiyanın baş müzakirəçisi Vladimir Medinski Telegram vasitəsilə bildirib.

“Krım və Donbasla bağlı mövqelərimiz dəyişməyib” – deyə, o əlavə edib.

Danışıqların yeni raundu martın 28-də İstanbulda Rusiya və Ukrayna müzakirəçilərinin üzbəüz görüşündən sonraya təsadüf edir.

Danışıqlar başlamazdan əvvəl ukraynalı müzakirəçi David Araxamiya bildirib ki, Türkiyə və Almaniya iki tərəf arasında istənilən nəticədə əldə olunacaq razılaşmada təhlükəsizliyin zəmanətçisi kimi çıxış etməyi təklif ediblər.

Mariupolda yerli məmurlardan biri bildirib ki, Rusiya mülki əhalinin Ukrayna və Rusiya qüvvələri arasında gedən döyüşlərdən qaçması üçün humanitar dəhliz açacağına dair vədinə baxmayaraq, aprelin 1-də şəhərə yardımın daxil olmasına mane olmağa davam edib.

Ukrayna rəsmiləri bildiriblər ki, 45 avtobusdan ibarət karvan yardım çatdırmaq və həftələrlə şəhərdə az qida, su və digər ləvazimatlarla çarəsiz qalan sakinləri çıxarmaqüçün Mariupola yollanıb.

Mariupol merinin müşaviri Petro Andryuşenko Facebook-dakı paylaşımında çox ehtiyac duyulan ləvazimatları şəhərə çatdırmağa çalışan bir yardım karvanı üçün aprelin 1-də şəhərin girişə bağlı qaldığını deyib.

"Şəhərə giriş qapalıdır və şəxsi nəqliyyatla çıxmaq çox təhlükəlidir" – deyə, Andryuşenko bildirib.

Britaniya hərbi kəşfiyyatı aprelin 1-də bildirib ki, Ukrayna qüvvələri şimalda Çernihiv şəhəri yaxınlığındakı Sloboda və Lukaşivka kəndlərini geri alıb və bura şəhərlə Kyiv arasında əsas təchizat yolları boyunca yerləşir.

"Ukrayna həmçinin Kyivin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumlar etməkdə davam edib" – deyə, Britaniyanın Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən verilən məlumata görə, Rusiyanın bu ərazilərdə fəaliyyəti azaltdığını iddia etməsinə baxmayaraq, Çernihiv və Kyiv hava və raket zərbələrinə davamlı olaraq məruz qalıb.

XS
SM
MD
LG