Accessibility links

Qlobal dövlət xadimləri: Ukraynada müharibəyə yalnız diplomatiya son qoya bilər


Nelson Mandellanın əsasını qoyduğu tanınmış keçmiş dünya liderlərindən ibarət qrupun üzvlərinin bildirdiyinə görə, Ukraynada dağıdıcı müharibəni yalnız dialoq və diplomatiya dayandıra bilər və döyüş meydanında heç bir tərəfin tam qələbə əldə etməsi mümkün deyil.

"Ağsaqqallar" (The Elders) kimi tanınan qrup bu yay Kyivə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə həmin mesajı çatdıraraq, deyib ki, o, münaqişədən çıxış yolunu nəzərdən keçirməlidir. Bunu qrupa sədrlik edən keçmiş İrlandiya Prezidenti Meri Robinson Associated Press-in rəhbərləri ilə görüşü zamanı bildirib.

“Hər iki tərəfin hərbi arsenalının artırılması və Ukrayna əhalisinin məhv edilməsinin əvəzinə, onları bunun necə başa çatacağı və buna necə son qoymaq yolları barədə daha çox düşünməyə təşviq etməliyik” - deyə, bir zamanlar BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsində çalışan Robinson bildirib.

"Ağsaqqallar" Rusiyanın fevralın 24-də Ukraynaya hücumunu "BMT Nizamnaməsinin kobud şəkildə pozulması, dünyada sülhün və təhlükəsizliyin pozulmasına təhdid edən ehtiyatsız, əsaslandırılmayan təcavüz aktı" kimi pisləyib.

Sentyabrın sonunda "Ağsaqqallar" (The Elders) həmçinin Rusiyanın Ukraynanın dörd bölgəsini qanunsuz ilhaqını qınayıb və Ukraynanın ərazisini və suverenliyini qorumaq hüququnu müdafiə edib.

Daha əvvəl BMT-nin insan haqları komissarı olan Zeyd Raad Əl-Hüseyn müharibədən yeganə çıxış yolunun diplomatiya və danışıqlar olması ilə razılaşsa da, vurğulayıb ki, bu, Rusiyanın səbəbsiz təcavüzünə məruz qalan Ukraynadan öz suverenliyindən imtina etməsini istəmək demək deyil.

O, münaqişənin həll yoluna Rusiyanın "başqa istiqamətdən" güzəşt alması ilə nəticələnə biləcəyinə işarə edib. Mümkündür ki, o bununla NATO və ya onun əsas üzvlərindən birinə istinad edib. Rusiya Prezidenti Vladimir Putin uzun zaman Qərb alyansının Rusiya sərhədlərinə yaxınlaşmasından şikayət edib və bu onun işğala haqq qazandırmaq üçün istinad etdiyi bir reallıqdır.

Meksikanın keçmiş Prezidenti Ernesto Sedillo, Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalara baxmayaraq, böyük neft gəlirləri də daxil olmaqla, “bu müharibəni maliyyələşdirmək üçün Rusiyaya vəsait axınının davam etdiyini” deyib.

"Düşünürəm ki, bu aqressiv iqtisadi müharibənin aparılma üsulu ilə bağlı ikiüzlülük daha az olmalıdır" deyib Sedillo.

XS
SM
MD
LG