Moskva qüvvələrinin qonşu Luqansk vilayətinə nəzarəti ələ keçirməsindən və Donetsk vilayətində hücumlara başlamasından sonra şəhər meri Rusiyanın çərşənbə axşamı Ukraynanın şərqindəki Slovyansk şəhərinə "kütləvi zərbələr" endirdiyini bildirib.
Qubernator bildirib ki, Rusiyanın son 24 saat ərzindəki atəşləri nəticəsində 5 mülki şəxs həlak olub, 21 nəfər yaralanıb.
Ukrayna televiziyasına müsahibə verən mer Vadim Lyax əvvəlcə sakinləri qaçmağa çağırsa da, bir neçə saat sonra o, sakinlərə sığınacaqlarda gizlənməyi tövsiyə edib. Dörd aydan, Rusiyanın işğalından əvvəl şəhər əhalisi təxminən 107 min nəfər idi.
"Artilleriya artıq şəhəri vurur" - deyə, Lyax xəbərdarlıq edib və bazar ertəsi Rusiyanın atəşi nəticəsində 40 evin dağıdıldığını bildirib. Facebook səhifəsində Lyax çərşənbə axşamı bombaların şəhərin mərkəzi bazarına düşməsi nəticəsində bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını yazıb.
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi qüvvələrinin Luhansk vilayətinə nəzarəti ələ keçirdiyini bəyan etdikdən sonra Ukrayna qüvvələri üçün mühüm təchizat məntəqəsi olan Slovyansk və Baxmut artıq Rusiyanın diqqət mərkəzinə çevrilib.
Ukrayna ordusu Rusiya qüvvələrinin bir gün əvvəl də Slovyansk yaxınlığındakı bir neçə şəhər və kəndini bombaladığını, lakin onların şəhərin 20 kilometr şimalındakı qəsəbəyə doğru irəliləməyə cəhd edərkən dəf edildiyini bildirib. Ukraynanın dediyinə görə, Rusiya qüvvələri şəhərin cənubundakı daha iki qəsəbəni və Kramatorsk yaxınlığındakı əraziləri atəşə tutmağa çalışır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı deyib ki, Ukraynada müharibə Putinin qarşıya qoyduğu bütün məqsədlərə nail olana qədər davam edəcək. Bununla belə, Şoyqunun sözlərinə görə, hazırda Moskva üçün "əsas prioritetlər" öz qoşunlarının "həyatını və sağlamlığını qorumaq", eləcə də "mülki əhalinin təhlükəsizliyini təmin etməkdir".
Müharibənin əvvəlində Rusiya Ukrayna prezidenti Volodimir Zelenski hökumətini devirə və ya paytaxt Kyivi ələ keçirə bilmədikdən sonra gücünü şərqdəki sənayeləşmiş Donbas bölgəsini ələ keçirməyə cəmləşdirib.
Putin bazar ertəsi Ukrayna qoşunlarının Luhansk vilayətinin Lisiçansk şəhərindəki son istehkamından geri çəkildiyini və qələbə qazandığını elan edib.
Rusiya lideri bildirib ki, Luhanskda aktiv döyüşlərdə iştirak edən və uğur, qələbə qazanan hərbi birləşmələr dincəlməli, döyüş imkanlarını artırmalıdır.