Rusiya rəsmilərinin sentyabrın 13-ü bildirdiyinə görə, Ukraynanın raket hücumu Rusiyanın ilhaq etdiyi Krım ərazisində gəmiqayırma zavodunu hədəf alıb.
Sevastopol liman şəhərinin Rusiya tərəfindən təyin olunmuş qubernatoru Mixail Razvojayev özünün Telegram kanalında hadisə yerindən yanğın və tüstü görüntülərini paylaşıb və hücum zamanı 24 nəfərin yaralandığını bildirib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın gəmiqayırma zavodunu 10 kruiz raketi və üç uzaqdan idarə olunan qayıqla hədəf aldığını, lakin raketlərin yeddisinin, qayıqların isə hər üçünün məhv edildiyini bəyan edib. Rusiya Müdafiə Nazirliyi həmçinin hücum zamanı təmirdə olan iki gəminin də zədələndiyini deyib.
Ukraynanın Odesa bölgəsinin rəsmiləri Rusiyanın eyni gün səhər tezdən etdiyi dron hücumunun İzmail limanına və vətəndaş infrastrukturuna ziyan vurduğunu bildirib. Regionun qubernatoru Oleh Kiperin Telegram kanalında bildirdiyinə görə, hücum zamanı altı nəfər yaralanıb.
İzmail son aylar tez-tez Rusiyanın hədəfinə çevrilib. Oradakı limanlar Dunay çayı boyunca Ukrayna taxılını ixrac etmək üçün istifadə olunur.
Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü bildirib ki, mülki infrastruktura bu kimi hücumlar dayandırılmalıdır.
"Ukrayna limanlarına bugünkü hücum Rusiyanın iki ay əvvəl Qara Dəniz Təşəbbüsünü dayandırmaq qərarından sonra belə hücumların 21-cisidir. Rusiyanın bu qəddar və amansız hücumlarının nəticələri Ukrayna xalqı və dünyada aclıqla üzləşən 345 milyon insan üçün fəlakətlidir" - deyə, BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bildirib.
Forum