Accessibility links

Zelenski: Ukraynanın müqaviməti göstərdi ki, hər sabahkı gün üçün mübarizə aparmağa dəyər


Ukrayna prezidenti Volodimir Zelenski paytaxt Kyivdə Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ildönümünə həsr olunmuş anım tədbirində 24 fevral 2023.
Ukrayna prezidenti Volodimir Zelenski paytaxt Kyivdə Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ildönümünə həsr olunmuş anım tədbirində 24 fevral 2023.

Ukrayna prezidenti cümə günü bütün ukraynalıların həyatını alt-üst və Avropanın təhlükəsizliyini təhdid edən Rusiya işğalının dəhşətli ildönümündə çıxış edərək 2023-cü ildə qələbə qazanacağına söz verib.

Volodimir Zelenskinin sözlərinə görə, bu, Ukraynada "ən uzun gün" idi, lakin bir ildən sonra ölkənin inadkar müqaviməti sübut etdi ki, "hər sabahgı gün uğrunda mübarizə aparmağa dəyər".

Xatirə, düşüncə və göz yaşları günündə Ukrayna prezidentinin çıxışının tonu 1945-ci ildən bəri Avropada baş verən ən böyük və ən qanlı müharibə qarşısında ukraynalıların milli müqavimətini əks etdirirdi. Zelenski deyib ki, ukraynalılar "ağrı, kədər, inam və birlik ili" ərzində yenilməzliklərini sübut ediblər.

"Biz düz bir ildir ki, ayaqdayıq" deyən Zelenski 24 fevral 2022-ci il tarixi haqda "həyatımızın ən uzun günü idi. Müasir tariximizin ən qara günü. Səhər oyandıq və o vaxtdan yatmadıq" sözlərini əlavə edib.

"Biz bir ailə olmuşuq. Artıq aramızda yad adam yoxdur. Ukraynalılar ukraynalılara sığınacaq verdilər, evlərini və ürəklərini müharibədən qaçmaq məcburiyyətində qalanlara açdılar", - deyə, Ukrayna prezidenti bildirib.

"Biz bütün təhdidlərə, atəşə, kasetli bombalara, qanadlı raketlərə, kamikadze dronlarına, elektrik kəsilmələrinə və soyuğa tab gətiririk. Biz bunlardan daha güclüyük" - deyə, Zelenski əlavə edib.

Müharibə başlayanda Qərbin bəzi kəşfiyyatının Rusiyanın tez bir zamanda qələbə qazanacağı ilə bağlı proqnozu özünü doğrultmadı. Ukrayna qüvvələri paytaxt Kyivə edilən hücumların qarşısını alıb, Rusiyanı diqqətini ölkənin şərqinə yönəltməyə məcbur etdi.

Hazırda şərq və cənub bölgələrində şiddətli döyüşlər gedir. Ukraynanın Qərb müttəfiqləri Kyivi dəstəkləmək üçün qabaqcıl silahlar daxil olmaqla, hərbi yardıma milyardlarla dollar sərmayə qoyaraq, Ukraynaya dəstək verir. Rusiya isə cəbhə xəttinə resurslar və qoşun yığır.

Müharibədən bir il sonra döyüşlərin daha uzun sürə biləcəyinə dair əlamətlər mövcuddur. Rusiya Ukraynanın şərqini ələ keçirmək niyyətindən əl çəkmir. Kyiv isə müharibə zamanı ələ keçirilən ərazilərinin Rusiya işğalı altında qalmasına imkan verən hər hansı razılaşmanı rədd edir.

Müharibə insan itkiləri, dağılan evlər və məcburi köçkünlər baxımından çox böyük ziyan vurub. Milyonlarla ukraynalı öz ölkələrini tərk edib və bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük qaçqın köçü olub.

Ukrayna və Rusiya itkilərlə bağlı rəqəmləri gizli saxlamağa çalışsa da, hesablamalara görə, hər iki ölkədən ölən və yaralanan əsgərlərin sayı on minlərlədir. Ukraynada isə on minlərlə dinc sakin öldürülüb.

Müharibə Ukrayna iqtisadiyyatını darmadağın edib, Rusiyada isə iqtisadi tənəzzülə səbəb olub. Ərzaq və enerji qiymətlərində qlobal artımlar da daxil olmaqla, qlobal iqtisadiyyata dağıdıcı təsir göstərib. Müharibə Avropanın enerji bazarlarını əsaslı şəkildə dəyişib. Belə ki, Avropa ölkələrinin əksəriyyəti Rusiyadan daş kömür, neft və qaz idxal etməkdən imtina edib.

XS
SM
MD
LG