Accessibility links

Rusiya qoşunları Ukraynanın şərqində yeni hücuma başlayıb


Ukraynanın şimal-şərqində Rusiya qüvvələrinin yeni əks-hücuma keçdiyi müşahidə olunur. Hərbi əməliyyat bəzi Qərb rəsmilərinin üç aydır davam edən və hələ ki, sonu görünməyən müharibəni “qırğın” adlandırdıqları vaxta təsadüf edir.

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkivin rəsmiləri bildiriblər ki, Rusiyanın hücumları nəticəsində azı 7 nəfər ölüb, daha 17 nəfər yaralanıb, şəhərin şimal və şərqində isə şiddətli döyüşlər cərəyan edir.

Xarkivdəki şahidlərin bildirdiyinə görə, rus qoşunları şəhərin şimalındakı mövqeləri möhkəmləndirməyə çalışarkən onlar təkrar-təkrar partlayış səsləri eşidiblər.

Ukraynanın bu ayın əvvəlində keçirdiyi əks-hücum zamanı Xarkiv yaxınlığındakı rus qoşunları tədricən şəhərdən Rusiya sərhədinə doğru sıxışdırılıb. Bununla belə, rəsmilər bildiriblər ki, Moskva yenidən zərbə endirməkdə qərarlı görünür.

"İstirahət etmək hələ tezdir. Düşmən yenidən dinc əhaliyə məkrli hücumlar edir, onları qorxudur," Xarkiv vilayətinin başçısı Oleq Sinequbov bildirib.

Rusiya hərbi qüvvələrinin sosial media hesabları Donbas da daxil olmaqla Ukrayna qüvvələrinə qarşı mübarizədə yeni uğurlar elan etsə də, Rusiya rəsmiləri Xarkiv yaxınlığında baş verənləri hələ şərh etməyiblər.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi cümə axşamı bildirib ki, Xarkiv ətrafında döyüşlərin intensivləşdiyi barədə xəbərlərə baxmayaraq, orada "heç bir əsaslı dəyişiklik" baş verməyib.

"Biz inanmaqda davam edirik ki, Ukrayna qüvvələri Rusiya qüvvələrini şəhərdən uzaqlaşdırmağa davam edir," adının açıqlanmasını istəməyən məmur kəşfiyyat məlumatlarını şərh etmək üçün jurnalistlərə bildirib.

"Söhbət Rusiya sərhədindən bir neçə kilometrdən 10 kilometrə qədər məsafədən gedir," rəsmi deyib.

Ancaq Ukraynanın şərqindəki başqa yerlərdə Rusiya Ukraynanın nəzarəti altında olan ən şərq şəhəri Popasna və Severodonetsk də daxil olmaqla, rəsminin "kiçik uğurlar" dediyi uğura nail ola bilib.

"Biz inanırıq ki, rus qoşunları Severodonetskin şimal-şərqinin çox hissəsini ələ keçirə bilib. Ancaq onlar bunu tamamilə edə bilməyiblər, çünki ukraynalılar hələ də mübarizə aparırlar," həmin rəsmi bildirib.

Cümə axşamı Kyiv etiraf edib ki, Rusiya şərqdə döyüşən Ukrayna qoşunlarını mühasirəyə almağa çalışır - həm Severodonetsk, həm də qonşu Lisiçanska doğru irəliləyir.

Ukrayna Baş Qərargah rəisinin müavini Aleksey Qromov Reuters-ə bunları deyib: "Rusiyanın üstünlüyü var, lakin biz əlimizdən gələni edirik".

"Aydındır ki, bizim uşaqlar tədricən daha möhkəmləndirilmiş mövqelərə çəkilirlər. Biz bu qoşunu cilovlamalıyıq," Luhansk vilayətinin rəhbəri Serhiy Qayday deyib.

XS
SM
MD
LG