Accessibility links

Ukrayna strateji Mikolayev bölgəsindəki əsas şəhəri geri aldığını deyir


Ukrayna cümə axşamı cənubdakı Mikolayiv vilayətindəki Xerson şəhərinə aparan strateji yolu, Rusiyanın işğalı altında olan sonuncu Snihurivka şəhərini Rusiyanın işğalından azad etdiyini bəyan edib.

Reuters xəbər verir ki, mülki əhali əl çalıb alqışlayanda, "Bu gün, noyabrın 10-da Snihurivka 131-ci Əlahiddə Kəşfiyyat Batalyonunun qüvvələri tərəfindən azad edilib. Yaşasın Ukrayna!" - deyə, əsgər qışqırıb.

Ukrayna milli televiziyası tərəfindən yayımlanan və sosial mediada yerləşdirilən videonun yeri Reuters tərəfindən təsdiqlənsə də, videonun çəkildiyi tarix bəlli deyil.

Rusiyanın müdafiə naziri çərşənbə günü deyib ki, Moskva qoşunları Ukraynanın cənubundakı əsas şəhər - Xersondan geri çəkilir. Lakin Ukrayna rəsmiləri Rusiyanın keçən fevral işğalından sonra ələ keçirdiyi tək regional paytaxtdan tam geri çəkilməsinin davam etdiyinə şübhə ilə yanaşır.

Rusiyanın bölgədən çəkildiyini elan etməsinə baxmayaraq, Ukrayna rəsmiləri ehtiyatlı olduqlarını və bunun Kremlin tələsi ola biləcəyindən şübhələndiklərini deyirlər.

Geri çəkilmə Rusiya Prezidenti Vladimir Putin üçün böyük uğursuzluq olsa da, Prezident Co Bayden çərşənbə günü bunun Kyivi Moskva ilə danışıqlara sövq edib-etməyəcəyi barədə heç nə deməyib.

Rusiyanın Ukraynadakı qüvvələrinin baş komandanı general Sergey Surovikin Şoyquya geri çəkilmə qərarının çətin olduğunu, lakin "hərbi qulluqçuların həyatını və qüvvələrin döyüş hazırlığını qoruyub saxlayacaq" deyib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bunu Rusiyanın yüksək səviyyəli hərbi rəhbərləri ilə televiziya görüşündə bəyan edib.

Ukraynanın irəliləyişləri Kyiv qüvvələrini Xersonun yaxınlığına çatdırıb.

"Bu şəraitdə Xerson şəhəri və yaxınlıqdakı yaşayış məntəqələrinin müdafiəsi tam şəkildə təmin edilə bilməz. Mövcud vəziyyəti hərtərəfli qiymətləndirdikdən sonra Dnepr çayının sol sahili boyunca yerləşməyi təklif edirəm" Surovikin bildirib.

Şoyqu "Qoşunların çıxarılmasına davam edin və qoşunların, silahların və texnikanın Dnepr çayının o biri sahilinə təhlükəsiz köçürülməsini təmin etmək üçün bütün tədbirləri həyata keçirin" - deyə, cavab verib.

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa gündəlik müraciətində "Düşmən bizə hədiyyə vermir, "xoşməramlı jestlər" etmir, biz bunların hamısını qəhrəmanlarımız sayəsində qazanırıq" deyib.

Prezidentin müşaviri Mixaylo Podolyak Twitter səhifəsində Rusiya qüvvələrinin bir hissəsinin Xersonda qalacağını guman etdiyini yazıb. O bildirib ki, Ukrayna şəhərin Rusiyanın nəzarətindən azad olduğunu Rusiyanın televiziya bəyanatlarına deyil, öz kəşfiyyatına əsaslanaraq elan edəcək.

XS
SM
MD
LG