Accessibility links

"Moskva" flaqmanından sağ çıxan dənizçinin anası gəminin raketlə vurulduğunu, 40 nəfərin öldüyünü deyib


Azadlıq radiosunun "Sxemlər" layihəsinin jurnalistləri Rusiya Hərbi Dəniz Donanmasının batmış "Moskva" flaqmanındakı daha bir çağırışçının ailə üzvünü tapıb. Dənizçi gəmidəki partlayışdan sonra baş verən yanğından sağ çıxıb. Jurnalistlər onun anası ilə danışıb. Təhlükəsizlik baxımından onun adı açıqlanmayıb.

Qadın aprelin 14-də axşam oğlunun ona zəng etdiyini və onun dediklərinin hamısının Rusiya hakimiyyətinin rəsmi açıqlamalarına zidd olduğunu deyib. Xüsusilə də o, gəmiyə Ukraynanın "Neptun" raketlərinin dəydiyini təsdiqləyib və 40 dənizçinin öldüyünü bildirib.

Çağırışçının anasının sözlərinə görə, "Moskva" kreyseri artıq fevralın 24-dən Zmeynı adasına daxil olaraq, bir sıra döyüş əməliyyatları yerinə yetirib. Son əməliyyat olaraq, gəminin Rusiya dəniz piyadalarını Odessaya çatdırması planlaşdırılırdı.

"Oğlum mənə ayın 14-də göz yaşları içində telefonla zəng etdi və dedi: Ana, nə baş verdiyini başa düşürsən? Bizə üç raket atıldı. Uşaqlardan bəziləri "Makarov" freqatına təxliyə edilib. Sağ qalanların hamısı Sevastopola aparılıb. Onlara telefonlar verdilər. Onların heç nəyi yox idi, onlar yalnız alt paltarında qalmışdı. Hər şey gəmidə qaldı - həm telefonlar, həm də sənədlər” - deyə, qadın bildirib.

Həmin vaxt artıq "gəmidə yanğın" xəbərlərini görən qadın bu barədə oğlundan soruşub.

O mənə "Xeyr, ana, bu, doğru deyil. Bu, yanğın deyil" dedi. O bunu özündən çıxarmadı, yaşadığı dəhşətdən danışır və ağlayırdı. O, yalan deməzdi. Və bu elə də asan alovlanacaq taxta qayıq deyil. Heç kim heç nə izah etmir. Hər şeylə təchiz olunmuş gəmidəki radarların "Neptun" raketlərini niyə tanımadığını başa düşə bilmirəm” deyib qadın.

Buna görə də bu qadın Rusiya Federasiyası Müdafiə Nazirliyinin "Moskva" hərbi gəmisinin sursatın partlaması nəticəsində alışması ilə bağlı rəsmi versiyasına inanmır.

Dənizçinin anasının dediyinə görə, "Moskva" flaqmanında təxminən 510 nəfər olub. Oğlu ona 40-a yaxın dənizçinin öldüyünü bildirib.

XS
SM
MD
LG