Accessibility links

Ukrayna səmalarında İran istehsallı dronlar vurulub


Rəsmi Kyiv prezident Volodimir Zelenskinin müttəfiqlərə Rusiyanın işğalına qarşı mübarizədə Ukraynaya hava hücumundan müdafiəsini gücləndirməsinə yardım etmək çağırışını təkrarlamasından bir neçə saat sonra bazar ertəsi Ukrayna paytaxtının Rusiya dronlarının hücumlarına məruz qaldığını bildirib.

Ukrayna ordusu Rusiyanın atdığı 35 pilotsuz təyyarədən 30-nu vurduğunu bildirib. Kyiv şəhər administrasiyasının Telegram kanalında bildirdiyinə görə, həmin dronlardan 23-ü şəhəri hədəf alıb.

Rusiya dəfələrlə dronlardan Kyiv və Ukraynanın digər şəhərlərinə hücumlar üçün istifadə edib.

Zelenski bazar günü gecə etdiyi video-müraciətində hava hücumundan müdafiənin onun administrasiyası üçün "daimi prioritet" olduğunu deyib.

"Bizə səmamızı tam olaraq qorumağımıza yardım etməklə, bizə kifayət qədər hava hücumundan müasir müdafiə sistemləri verməklə, siz terror dövləti əsas alətindən məhrum edə bilərsiniz. Bu, təcavüzün sonunu yaxınlaşdıracaq ən güclü addım olacaq. Rusiya raket zərbələri yolu ilə gedə bilmədiyi təqdirdə, artıq təcavüzü dayandırmaq yolu ilə getməli olacaq," Zelenski deyib.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bazar günü ABC News-un "This Week" verilişində deyib ki, "Biz hava hücumundan müdafiə vasitələrimiz kifayət qədər olmadıqda nələr baş verdiyini görürük".

Markarova Ukraynanın enerji şəbəkəsinin yarısının Rusiya raketləri tərəfindən dağıdıldığını bildirib.

"Biz bunu dayandırmalıyıq. Bunun yeganə yolu Ukraynanın hər yerində hava hücumundan müdafiə vasitələrinin sayının artırılmasıdır," o deyib.

ABŞ rəsmiləri Rusiyadan gələn hava zərbələrinin vurulmasına yardım etmək üçün Ukraynaya raketdən müdafiə sistemi olan "Patriot" batareyası göndərməyi planlaşdırdıqlarını bildirsə də, bu barədə rəsmi açıqlama verilməyib. Rusiya ABŞ-ın atacağı belə bir addımı pisləyib və bunu təxribat adlandıraraq ABŞ-ın münaqişəyə müdaxiləsini artırdığını deyib.

XS
SM
MD
LG