Kreml cümə axşamı Kyiv və Vaşinqtonu onun narahatlıqlarına məhəl qoymamaqda günahlandırıb və ABŞ-ı Rusiyanı zəiflətmək üçün Ukraynadan döyüş meydanı kimi istifadə etməkdə ittiham edib.
Bu, prezident Vladimir Putinin Rusiyanın döyüşləri tez bir zamanda dayandırmaq niyyətində olduğunu dediyi bir vaxt baş verib.
"Məqsədimiz bu münaqişəyə son qoymaqdır. Biz buna çalışırıq. Biz çalışacağıq ki, hər şey bitsin və nə qədər tez olsa, bir o qədər yaxşıdır," Putin jurnalistlərə deyib.
"Bütün münaqişələr bu və ya digər şəkildə danışıqlarla başa çatır. Bizim (Kyivdəki) rəqiblərimiz bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar," Putin bildirib.
Moskva hərbi birliyinin komandirinin bildirdiyinə görə, Rusiya qüvvələri hazırda şərq Donetsk bölgəsində nəzarəti gücləndirməyə çalışır və döyüşlər dağılmış Baxmut şəhərində cərəyan edir.
Moskva rəsmiləri son aylarda dəfələrlə Ukrayna ilə danışıqları istisna etmədiklərini bildiriblər.
Onlar diplomatik kanalların bağlanmasında Putin hakimiyyətdə olduğu müddətdə danışıqlara getməyəcəyini deyən prezident Zelenskini günahlandırır.
Ukrayna lideri Vaşinqtona tarixi səfərindən qayıdıb. O, Konqresə ölkəsinin "ayaqda" olduğunu və onun dəstəyinin qlobal təhlükəsizliyə sərmayə olduğunu deyib.
Çərşənbə günü Zelenski ABŞ-a etdiyi ildırımsürətli səfərində qəhrəman kimi qarşılanıb və ABŞ prezidenti Co Baydenin ona ilk dəfə olaraq raketdən müdafiə "Patriot" sistemi də daxil olmaqla, hərbi təchizat üçün təxminən $1,8 milyard dollarlıq yardımı təqdim edib.
Putin bunun münaqişəni daha da dərinləşdirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Bizimlə üz-üzə gələnlər bunun müdafiə silahı olduğunu deyirlər... Bunun qarşılığı həmişə tapılar," Putin deyib.
O, jurnalistlərə açıqlamasında "Bunu edən insanlar nahaq yerə belə edir. Bu, sadəcə, münaqişəni uzatmaqdır" deyib.
Bundan əvvəl Kreml Bayden və Zelenskinin "Rusiyanın narahatlığına" məhəl qoymadığını bildirib.
"Zelenskiyə Donbasın şəhər və kəndlərində yaşayış binalarının davamlı atəşə tutulması barədə xəbərdarlıqla bağlı bir kəlmə də eşidilməyib və heç bir real sülh çağırışı olmayıb," Rusiya prezidentin sözçüsü Dmitri Peskov bildirib.
Rusiya ordusunun komandanı Valeri Gerasimov deyib ki, rus qoşunları Donetskin "azad edilməsini başa çatdırmaq uğrunda döyüşür".
Şərqi Ukrayna bölgəsi Moskvanın ilhaq etdiyini iddia etdiyi dörd bölgədən biri olsa da, oraya heç vaxt tam nəzarət etməyib.
Gerasimov onu da əlavə edib ki, Rusiya Ukraynada ilk dəfə hipersəs raketlərindən, eləcə də Putinin "yenilməz" adlandırdığı silah arsenalının bir hissəsi olan "Kinjal" raketlərindən istifadə edib.