Accessibility links

Ukraynanın qərbində gedən döyüşlər zamanı iki xilasedici həlak olub


Ukraynanın Baxmut şəhəri
Ukraynanın Baxmut şəhəri

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, fevralın 27-də Ukraynanın qərbində Rusiyanın hücumları nəticəsində iki xilasedici həlak olub. Ukrayna və Rusiya qüvvələri arasında şərqdə və şimal-şərqdə şiddətli döyüşlər davam edir.

Rusiya qüvvələrinin hücumda İran istehsalı olan Şahed-136 dronlarından istifadə etdiyi zaman səhərə yaxın Ukrayna boyu bir saata qədər hava hücumu xəbərdarlığı verilib.

Vilayət hərbi administrasiyasının rəhbəri Serhiy Hamaliy xilasetmə xidmətinin bir üzvünün Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində qərbdəki Xmelnitski şəhərində həlak olduğunu, ikincisinin isə fevralın 27-də gecə saatlarında şəhərin atəşə tutulması nəticəsində yaralandıqdan sonra öldüyünü bildirib.

Ukrayna hərbi qüvvələrinin Baş Qərargahı bildirib ki, ordu gecə ərzində 14 pilotsuz təyyarədən 11-ni vurub.

Kyivdə paytaxtın hərbi administrasiyasının rəhbəri Serhiy Popko 9 dronun məhv edildiyini bildirib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Baş Qərargahın verdiyi məlumata görə, Rusiya qoşunları son 24 saat ərzində Donetsk vilayətinin Baxmut, Avdiyivka və Şaktarsk, Xarkov vilayətinin Kupyansk şəhərlərində Ukrayna ordusuna qarşı 81 hücum əməliyyatı həyata keçirib.

Rusiya qüvvələri keçən ilin yayından bəri Baxmuta amansız hücumlar həyata keçirir. Moskva bu ilin əvvəlində şəhəri ələ keçirmək üçün səylərini ikiqat artırıb və yeni bir hücuma başlayıb.

Analitiklər deyirlər ki, döyüşlərdə demək olar ki, tamamilə dağıdılan şəhərin ələ keçirilməsi Rusiya üçün çox az strateji əhəmiyyət kəsb etsə də, Moskva əsgərlərin əhval-ruhiyyəsini yüksəltmək üçün buna simvolik əhəmiyyət verməyə çalışacaq.

Baş Qərargah fevralın 27-də cəbhə xəttinə göndərilən rusiyalı çağırışçılar arasında "kütləvi fərarilik" barədə məlumat verib.

XS
SM
MD
LG