Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya Ukraynada Qərb ölkələrinin Kyivə verdiyindən daha çox silah qoyub. Bu barədə WSJ (The Wall Street Journal) Oryx təhlilçilərinə və hərbi rəsmilərə istinadən bildirib.
Oryx layihəsinin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 460 tankını, 92 özü yeriyən haubitsasını (səngər, xəndək, habelə səhra müdafiə qurğularını məhv etmək üçün silah), 448 piyada döyüş maşınını, 195 zirehli döyüş maşınını və 44 reaktiv yaylım atəş sistemini ələ keçirib. Bütün bunlar müttəfiqlərinin Ukraynaya verdiyindən çoxdur.
Nəşr bu məlumatın açıq mənbələrdən toplandığını, buna görə də ələ keçirilən texnikanın faktiki miqdarının daha çox ola biləcəyini deyib.
"Bizim o qədər sursatımız var ki, onlarla nə edəcəyimizi belə bilmirik. Biz piyada batalyonu kimi başlamışıq, indi isə bir növ mexanikləşdirilmiş batalyona çevrilirik" - deyə, Karpatskaya qərargah rəisinin müavini Ruslan Andreyko bildirib.
Eyni zamanda, Qərbin silahları Rusiya Federasiyası Silahlı Qüvvələrinin döyüşdən sonra atıb getdiyi silahlardan daha təkmilli və dəqiqdir.
Nəşr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Rusiya ordusunun geri çəkildiyi Xarkiv vilayətinin İzyum şəhərində ruslar daha müasir texnikasını qoyub gedib. Hazırda Kyivdə Rusiyanın T-90 tankları və BTR-82 zirehli maşınlarının olduğu iddia edilir.
Ekspertlər qeyd edirlər ki, Rusiya da Ukrayna silahlarının bir hissəsini ələ keçirib. Bu, əsasən müharibənin ilk günlərində baş verib. Oryx hesab edir ki, fevral ayından bu yana Rusiya Ukraynanın 109 tankını, 15 özüyeriyən haubitsasını və 63 piyada döyüş maşınını ələ keçirib.
BBC-nin bildirdiyinə görə, müharibə başlayandan bəri Ukrayna Qərb ölkələrindən təxminən 15 milyard dollar dəyərində silah alıb. Ən böyük təchizatçılar ABŞ-dan (8,79 milyard dollar), Polşadan (1,83 milyard dollar), Britaniyadan (1,36 milyard dollar) və Kanadadan (950 milyon dollar) olub.
Oktyabrın 4-də Prezident Co Bayden ABŞ-ın Ukraynaya göndərəcəyi yeni 625 milyon dollarlıq növbəti təhlükəsizlik yardımı paketinə yüksək sürətli artilleriya raket sistemi (HIMARS) üçün 4 buraxılış qurğusu, döyüş sursatları, minalar və minaya davamlı avadanlıqların daxil olacağını bəyan edib.