Accessibility links

Ukrayna hökuməti: Kaxovka bəndinin uçmasından sonra bölgədən 1500-ə yaxın insan təxliyə edilib


Ukrayna hökumətinin bildirdiyinə görə, bəndin uçmasından sonra fəlakətin baş verdiyi bölgədən 1500-ə yaxın insan təxliyə edilib. İşğal olunmuş bölgənin administrasiyası 7 nəfərin itkin düşdüyünü bildirib.

Xerson Vilayəti Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudinin iyunun 7-si səhər saatlarına olan məlumatına görə, Xerson vilayətinin sağ sahilində 1852 ev su altında qalıb, 1457 nəfər təbii fəlakət zonasından təxliyə edilib.

"Bizim proqnozlara görə, 20 saat ərzində suyun səviyyəsi daha bir metr qalxacaq" - deyə, Prokudin bildirib.

Rusiya hakimiyyəti tərəfindən təyin edilmiş Xerson vilayətinin Novokaxovka rayonunun administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Kaxovka su anbarındakı bəndin uçması Novaya Kaxovkada azı 7 nəfərin itkin düşməsinə səbəb olub.

"Yeddi nəfər barədə dəqiq məlumatımız var" , Leontyev deyib.

İşğal edilmiş bölgənin administrasiyasının məlumatına görə, Nova Kaxovkadan 900-dən çox yerli sakin təxliyə edilib. Leontyevin sözlərinə görə, bir neçə yaşayış məntəqəsinə daha ciddi zərər dəyib. "Korsunka tamamilə su altında qalıb, Dnepryanı, Krınki, Kazaçyi Düşərgəsi damlara qədər su altında qalıb", məlumatda deyilib.

Bu arada Xerson vilayətinin işğalçı hökumət orqanları daşqının Rusiyaya sərfəli olduğunu açıq şəkildə bildirib. Belə ki, işğal olunmuş rayonun administrasiya rəhbəri Vladimir Saldo bildirib ki, Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasının dağıdılması "Rusiya Silahlı Qüvvələrinə hərbi-taktiki üstünlük verir".

Kaxovka Su Elektrik Stansiyasının bəndi iyunun 6-na keçən gecə uçub. Bənd Dnepr boyunca Xersonun yuxarısındakı Novaya Kaxovka kəndində yerləşir.

Ukrayna, Avropa İttifaqı və Britaniya baş verənlərə görə Rusiyanı günahlandırıb. Kyiv hesab edir ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısını almaq ümidi ilə "daxili strukturlara zərbə vurmaqdan" gedir. Rusiya tərəfi ittihamları rədd edir və Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasını "Ukraynanın qəsdən törətdiyi təxribat" adlandırıb.

XS
SM
MD
LG