Accessibility links

Ukrayna ilə Rusiya arasında "45-45-ə" hərbi əsir mübadiləsi aparılıb


Ukrayna ilə Rusiya arasında "45-45-ə" düsturuna əsasən növbəti hərbi əsir mübadiləsi aparılıb. Rusiya tərəfi hərbçilərdən əlavə, işğal olunmuş ərazilərdən Rusiyaya deportasiya edilmiş iki mülki vətəndaşı və iki uşağı Ukrayna tərəfə təhvil verib. Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak və Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.

Yermakın sözlərinə görə, Rusiya əsirliyindən 2 zabit, 41 sıravi və çavuş, 2 mülki şəxs - Mariupolun "Azovstal" zavodunun əməkdaşı və Xersonun müdafiə sisteminin nümayəndəsi qayıdıb.

"Biz Mariupol və "Azovstal"ın müdafiəçilərini geri qaytarırıq. Yaralı əsgərlər var. Həmçinin Baxmut da daxil olmaqla, Donetsk, Zaporijye və Xarkiv istiqamətlərindən hərbçilər var," o bildirib.

Bundan başqa, Yermakın qeyd etdiyi kimi, Rusiya tərəfi işğal olunmuş ərazilərdən Rusiyaya aparılan iki uşağı - 6 yaşlı oğlan və 10 yaşlı qızı Ukraynaya geri verib.

Rusiya Müdafiə Nazirliyi də öz növbəsində hərbi əsirlərin mübadiləsini təsdiqləyib. "Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir. Müalicə və reabilitasiya üçün yaxın zamanda onlar Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə aparılacaq" - deyə, nazirlikdən bildirilib.

Rusiya ilə Ukrayna arasında bundan əvvəlki hərbi əsir mübadiləsi iyunun 12-də baş tutub. Ukraynaya 95 nəfər, Rusiyaya 94 nəfər qayıdıb.

XS
SM
MD
LG