Accessibility links

Rusiyanın Kursk vilayətində Rusiya-Ukrayna döyüşləri 3-cü gündür davam edir


Rusiya Müdafiə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Rusiya və Ukrayna qüvvələri arasında Rusiyanın Kursk vilayətində ardıcıl üçüncü gündür döyüşlər gedir.

Rusiya bunu 2 il 5 ay əvvəl Moskvanın Ukraynaya hərbi müdaxiləsindən bəri Ukrayna qüvvələrinin trans-sərhəd bölgəsinə ən böyük hücumu biri kimi xarakterizə edib.

Lakin Müdafiə Nazirliyinin bəyanatında deyilib ki, Rusiya hərbçiləri və sərhədçiləri Ukrayna qüvvələrinin Rusiyanın cənub-qərbindəki Kursk bölgəsinə doğru irəliləməsinə mane olub. Bəyanatda ordunun Ukraynanın Sumı vilayətindən irəliləməyə çalışan ukraynalı döyüşçülərə hücum etdiyi deyilib.

"Ayrı-ayrı bölmələrin Kursk istiqamətində ərazinin dərinliklərinə keçmək cəhdlərinin qarşısı alınır" - deyə, nazirlikdən bildirilib.

Kursk vilayəti qubernatorunun müavini Andrey Belostotski dövlət xəbər agentliyi RİA-Novosti-yə “Düşmən bir metr belə irəliləməyib. Əksinə, geri çəkilir. Düşmənin texnikası və döyüş qüvvələri fəal şəkildə məhv edilir. Ümid edirik ki, yaxın gələcəkdə hücumun qarşısı alınacaq” deyib.

Ukrayna rəsmiləri Kursk vilayətinin Sudja şəhəri ətrafında gedən döyüşləri şərh etməyib.

Ukrayna ordusu cümə axşamı Rusiyanın iki idarə olunan raketini və dörd pilotsuz təyyarəsini vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilotsuz təyyarələr Xerson, Kirovohrad və Odesa vilayətləri üzərində məhv edilib.

Kirovohrad qubernatoru Andriy Raykoviçin Telegram kanalında bildirdiyinə görə, hücumlar nəticəsində onun regionuna heç bir ziyan dəyməyib.

Xerson qubernatoru Oleksandr Prokudin regionun səmasında vurulan bir pilotsuz təyyarə ilə yanaşı, Rusiya qüvvələrinin Xersonu atəşə tutduğunu, nəticədə yaşayış binasının yandığını və bir neçə binaya ziyan dəydiyini bildirib.

Dnepropetrovskun qubernatoru Serhiy Lysak Telegram-da Rusiya qüvvələrinin pilotsuz təyyarələr və artilleriya ilə Nikopol ərazisini hədəf aldığını, bir neçə evə ziyan dəydiyini yazıb.

Rusiya Müdafiə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Kursk və Oryol vilayətləri üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatları məhv edilib.

Kursk qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov cümə axşamı Telegram-da bildirib ki, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə ərzində Ukraynanın bir neçə raketini vurub.

Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında Ukraynaya məxsus pilotsuz təyyarələrin iki rayonda hücumları bir infrastruktur obyektinə və bir evə ziyan vurduğunu bildirib.

Forum

XS
SM
MD
LG