İlhaq edilmiş Krımda bəzi telekanalların yayımı sındırılaraq Ukrayna Müdafiə Nazirliyinin hərbçiləri susmağa çağırdığı videoçarx nümayiş etdirib. Bundan əvvəl isə Ukrayna hökuməti Ukrayna Silahlı Qüvvələrinin xəbərdarlıq etmədən əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.
Krımın Rusiya tərəfindən təyin edilmiş “rəhbərinin” müşaviri Oleq Kryuçkov dediyinə görə, “Krımda bir sıra kabel operatorlarının yayımı sındırılıb, siqnal söndürülür”. Ukrayna Dövlət Sərhəd Xidməti məlumatı təsdiqləyib.
Ehtimal olunur ki, yayım hakerlər tərəfindən sındırılıb. Ukrayna videosunun yayımlandığı kanallar arasında “Pyatnitsa” və “Rossiya” da var.
Daha əvvəl video Ukrayna Müdafiə Nazirliyinin sosial şəbəkələrindəki hesablarında dərc edilib. Orada Ukrayna hərbçiləri adından informasiyanın gizli saxlanılması ilə bağlı tələb var. Video "Planlar sükutu sevir. Başlanğıcın anonsu olmayacaq" sözləri ilə bitir.
Kyivin istənilən vaxt gözlənilən hücumun tarixini əvvəlcədən elan etməyəcəyini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna hərbçilərinin taktikası daim dəyişir və əks-hücuma keçmək üçün ən yaxşı məqam gözlənilir.
İyunun 5-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb ki, iyunun 4-də Ukrayna Silahlı Qüvvələri Cənubi Donetsk istiqamətində cəbhənin beş sektorunda genişmiqyaslı hücuma başlayıb.
“İyunun 4-də səhər saatlarında düşmən Ukrayna Silahlı Qüvvələrinin strateji ehtiyatlarından olan 23-cü və 31-ci mexanikləşdirilmiş briqadaların dəstəyi, digər hərbi hissələr və bölmələrin yardımı ilə cəbhənin Yujno Donetsk istiqamətindəki 5 sektorunda genişmiqyaslı hücuma keçib. Cəmi 6 mexanikləşdirilmiş və 2 tank batalyonu cəlb olunub” deyə, məlumatda bildirilib.
İdarədən bildirilib ki, “düşmən qarşısına qoyduğu məqsədə nail olmayıb”.
Döyüş əməliyyatlarının genişlənməsinə dair başqa heç bir sübut yoxdur.