Accessibility links

Ukraynada helikopter qəzasında daxili işlər naziri Denis Monastırski də daxil olmaqla, azı 14 nəfər ölüb


Çərşənbə günü Ukrayna paytaxtı yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində daxili işlər naziri Denis Monastırski, nazirliyin bir neçə yüksək səviyyəli rəsmisi və yerdə bir uşaq olmaqla, azı 14 nəfər həlak olub.

Rəsmilər qəzanın Kyivin şərqindəki Brovarı qəsəbəsindəki uşaq bağçasının yaxınlığında baş verdiyini bildirib.

Qəzaya nəyin səbəb olduğu açıqlanmayıb. Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında araşdırma aparılmasına göstəriş verdiyini yazıb.

Zelenski qəzanı "dəhşətli faciə" adlandırıb.

Rəsmilər daha əvvəl ölənlərin sayının 18 nəfər olduğunu bildirmişdi. Zelenski öz yazısında azı 15 nəfərin öldüyünü, lakin itkilərin dəqiq sayının hələ də müəyyən edilmədiyini bildirib. Onun sözlərinə görə, ölənlər arasında azı üç uşaq var.

"Ağrını sözlə demək mümkün deyil" , Zelenski deyib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Faciə cəbhədən uzaqda, Brovarıda baş verib. Qurbanların, əsasən də uşaqların yaxınlarına başsağlığı verirəm" deyib.

Kuleba əlavə edib ki, Monastırski və daxili işlər nazirinin müavini Yevgeni Yenin "Ukraynanın əsl vətənpərvərləridir".

BMT-nin Ukrayna üzrə daimi nümayəndəsi Denis Braun "faciəli ölümlərə görə dərindən kədərləndiyini" bəyan edib.

"Mən Birləşmiş Millətlər Təşkilatı adından onların ailələrinə, hökumətinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm" - deyə, Braun bəyanatında bildirib.

Avropa Şurasının prezidenti Çarlz Mişel Ukrayna xalqına başsağlığı verib, Monastırskini "Avropa İttifaqının böyük dostu" adlandırıb.

Mişel Tvitter hesabında "Brovarıda baş verən vertolyot qəzasından sonra Ukrayna ilə birlikdə kədərlənirik" yazıb.

XS
SM
MD
LG