Accessibility links

Kyiv Ukrayna limanlarından 354,5 min ton kənd təsərrüfatı məhsullarının ixrac edildiyini açıqlayıb


Bazar ertəsi günü 354,5 min ton kənd təsərrüfatı məhsulu daşınıb ki, bu da Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında taxıl ixracına dair razılaşmanın imzalanmasından sonra bir gündə ən yüksək göstəricidir.

Rusiyanın taxıl ixracına dair razılaşmada iştirakını dayandırmasından iki gün sonra, bazar ertəsi günü 12 gəmi rekord həcmdə gündəlik kənd təsərrüfatı məhsulu ilə Ukrayna limanlarını tərk edib.

Bu barədə Ukrayna tərəfi məlumat yayıb.

Rusiya “mülki gəmilərin təhlükəsizliyinə qarantiya”nın mümkün olmadığına istinad edərək, Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair sazişdən “qeyri-müəyyən müddətə” çıxıb.

Lakin Odessa administrasiyasının rəsmisi bazar ertəsi səhər saatlarında bildirib ki, Ukrayna limanlarından 354,5 min ton yük daşınıb ki, bu, Türkiyə ilə BMT-nin vasitəsçiliyi ilə iyul ayında taxıl ixracına dair razılaşmanın əldə edilməsindən sonra bir gündə ən böyük həcmdə yükdür.

"Bu gün 12 gəmi Ukrayna limanlarını tərk edib. BMT və Türkiyə nümayəndə heyətləri #QaraDənizTaxıl Təşəbbüsünü həyata keçirmək üçün 40 gəmini yoxlamaq üçün 10 yoxlama qrupu təqdim edir. Bu yoxlama planı Ukrayna nümayəndə heyəti tərəfindən qəbul edilib. Rusiya nümayəndə heyəti məlumatlandırılıb" – deyə, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Kubrakovun sözlərinə görə, daha dörd gəmi Ukrayna limanlarına istiqamət ala bilər, çünki onlar artıq BMT, Türkiyə, Ukrayna və Rusiya nümayəndələri tərəfindən yoxlanılıb.

O, bazar ertəsi Ukraynanı tərk edən gəmilər arasında 40 min ton taxılla Efiopiyaya gedən "İkaria Angel" gəmisinin də olduğunu bildirib.

XS
SM
MD
LG