Accessibility links

144 ukraynalı rus əsirliyindən azad edilib


Ukrayna Müdafiə Nazirliyi çərşənbə günü ölkənin 144 döyüşçünün Rusiya əsirliyindən "mübadilə mexanizmi" vasitəsilə azad edildiyini və azad edilmiş 100-ə yaxın döyüşçünün Ukraynanın sahilyanı Mariupol şəhərinin müdafiəsində iştirak etdiyini açıqlayıb.

Bir müddət əvvəl Ukraynanın aparıcı parlamentarisi Amerikanın Səsinə bildirib ki, Kyiv və Moskva arasında məhbus mübadiləsi prosesi gedir və Putinlə əlaqəsi olan rusiyalı iş adamı Roman Abramoviç danışıqlarda aktiv rol oynayır.

Bir neçə saat sonra Ukrayna prezidenti Volodimir Zelenski xalqa etdiyi gecə müraciətində bu hadisəni "nikbin və çox vacib" adlandırıb.

"Azad edilənlərin ən yaşlısının 65, ən kiçiyinin 19 yaşı var" - deyə, o, video yayımda bildirib. "Xüsusən 95 Azovstal müdafiəçisi evə qayıdır" - deyə, Zelenski əlavə edib.

Mariupoldakı Azovstal polad zavodunun müdafiəsi martdan may ayına qədər Ukrayna və Rusiya qüvvələri arasında xüsusilə şiddətli mübarizə kimi fərqlənib. Rusiya tərəfinin açıqladığı rəqəmlərə görə, Ukrayna tərəfində naməlum sayda itki və 2500-ə yaxın ukraynalı döyüşçünün Rusiya əsirliyində olması ilə başa çatıb.

Çərşənbə günü xəbərlər bir gün əvvəl 17 ukraynalının, o cümlədən 16 hərbçi və bir mülki vətəndaşın Rusiya əsirliyindən azad edildiyi, 15 rusiyalının azad edildiyi və 46 Ukrayna əsgərinin cəsədinin qaytarılması açıqlamasından sonra gəlib. Bunun müqabilində Ukrayna Rusiyaya həlak olan 40 hərbçisini təhvil verib. Ukrayna hökumətinin məlumatına görə, həlak olan 46 ukraynalı döyüşçüdən 21-i Azovstalın müdafiəsində iştirak edib.

Ukrayna parlamentindəki Zelenskinin Xalqın Qulu Partiyasının lideri David Araxamia bu ayın əvvəlində Vaşinqtona səfəri zamanı Amerikanın Səsinə deyib ki, Abramoviç Kyiv və Moskva arasında məhbus mübadiləsi danışıqlarında "aktiv rol" oynayır.

"Bir insan olaraq, düşünürəm ki, o, müharibəni dayandırmaq niyyətindədir, Rusiyanın Ukraynanı işğal etməsi onun xoşuna gəlmir", Araxamia Abramoviç haqqında deyib.

Danışıqlara gəlincə, “O, neytral rol oynamağa çalışır, lakin biz ona Rusiya nümayəndəsi kimi yanaşırıq. O əlbəttə ki, cənab Putinə [Ukrayna tərəfinə nisbətən] daha yaxındır" - deyə, Araxamia əlavə edib. O qeyd edib ki, Ukrayna Abramoviçi Rusiya prezidenti Vladimir Putinə orijinal formada mesajlar çatdıra bilən "elçi" kimi görür.

Çərşənbə günü Zelenski xalqa gecə müraciətini 144 ukraynalı döyüşçünün Rusiya əsirliyindən vətənə qayıtmasında rol oynayanlara təşəkkür etməklə yekunlaşdırıb.

"Ukraynanın Müdafiə Kəşfiyyatına və bu nəticə üçün əməyi keçən hər kəsə minnətdaram. Ancaq bu barədə sonra danışaq. Biz hər bir ukraynalı kişi və qadının evə qayıtması üçün hər şeyi edəcəyik" - deyə, Zelenski bildirib.

XS
SM
MD
LG