Accessibility links

Britaniya silahlı qüvvələr naziri Bakıya birgünlük rəsmi səfər etdi


Britaniya silahlı qüvvələr naziri Ceyms Heppi martın 30-da Azərbaycana birgünlük rəsmi səfər edib.

Heppi səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Azərtacın verdiyi məlumata görə, Ceyms Heppi ilə İlham Əliyev arasında görüşdə Böyük Britaniya tərəfindən neft, qaz, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Britaniya silahlı qüvvələr naziri Ceyms Heppi və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticarət məsələləri ilə yanaşı alternativ enerji mənbələri və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter hesabında silahlı qüvvələr naziri Ceyms Heppinin İlham Əliyevlə görüşündən foto paylaşaraq, Azərbaycanın Ukrayana göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Səfir o cümlədən Britaniya silahlı qüvvələr naziri Ceyms Heppinin Şəhidlər Xiyabanını ziyarət etdiyini bildirib.

Britaniya silahlı qüvvələr nazirinin Azərbaycana səfərindən bir gün öncə Londonda Britaniyanın xarici işlən Naziri Ceyms Kleverli ilə Azərbayanın həmin ölkədəki səfiri Elin Süleymanovla görüş baş tutub. Kleverlinin Twitterdə paylaşılan xəbərdə qeyd olunur ki, görüş zamanı Ukrayna ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, o cümlədən Dağlıq Qarabağ mövzusunun diplomatik həlli məsələlərində məhsuldar müzakirə olub.

Bu görüşlər Rusiya Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədri Mixail Delyaqinin Azərbaycanın neft sənayəsinə zərbə endirilməsi haqda Rusiya televiziyasında səsləndirdiyi fikrin yaratdığı müzakirələr dövrünə təsadüf edir.

Delyaqin 28 martda “Rossiya 24” televiziya kanalının “60 minut” verilişinin efirində deputat Azərbaycanı “Türkiyənin proksisi” adlandırıb və “cəzalandırmaq” məqsədilə ölkənin neft sənayesinə zərbə endirməyin əhəmiyyətindən danışıb.

Bu fikri şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov həmin bəyanatın heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə müvafiq olmadığını bildirib.

Kremlin mətbuat katibinin şərhindən sonra Delyaqin sosial media hesabından səsləndirdiyi fikrin Rusiyanın mövqeyini əks etdirmədiyini və dediklərinin “şəxsi emosional bəyanat” olduğunu bildirərək, sözlərinin yaratdığı narahatlığa görə üzr istəyib.

30 mart tarixində Azərbaycanın Baş Prokurorluğ Mixail Delyaqinə qarşı cinayət işinin açıldığını və onu beynəlxalq axtarışa verildiyini bildirib.

XS
SM
MD
LG