Accessibility links

“Tərtər işi” üzrə 3 hərbçinin cinayət işi apellyasiya instansiyasına qaytarılıb


“Tərtər işi” üzrə hərbçilərə qarşı cinayət törətməkdə günahlandırılan üç hərbçinin işi yenidən apellyasiya baxışına qaytarılıb. İşə iyulun 30-da Gəncə Apellyasiya Məhkləməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə yenidən baxış başlayacaq.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun Facebook səhifəsində yazdığına görə, “Tərtər işi” üzrə hərbçilərə qarşı cinayət törətdiklərinə görə həbs edilərək azadlıqdan məhrum edilmiş şəxslərdən üçünün (mayor Fuad Ağayev, baş gizir Cümşüdov Qurban və kiçik gizir Ağadadaşov Cavid) işi üzrə təyin edilmiş cəzalar yüngül olduğu üçün Ali Məhkəmənin 16 mart 2021-ci il tarixli qərarı ilə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılıb.

“Bu iş üzrə Tərtər hadisələri zamanı qətlə yetirilən hərbçilər də daxil olmaqla, 100-dən artıq şəxs zərər çəkmiş kimi tanınıb. Hazırda “Tərtər işi”nin tam araşdırılması, təqsirkarların tam dairəsinin müəyyənləşdirilməsi, başqa zərərçəkmişlərin də tanınması üçün hüquqi imkan yaranıb. Ümid edirəm bu imkandan istifadə ediləcək. Vəkillərin məsələ ilə bağlı müvafiq vəsatətləri olacaq,” hüquq müdafiəçisi qeyd edib.

Rəsmi məlumat

7 may 2017-ci ildə Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə bir qrup hərbçinin və mülki şəxsin saxlanıldığını bəyan edib.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Məhbuslar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.

Lakin tezliklə məlum olub ki, araşdırma zamanı ən azı 8 nəfər şübhəli bilinən şəxs işgəncələr nəticəsində ölüb. Daha sonra ölənlərin beşinə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdırmış müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum edilib.

"Tərtər işi" üzrə hüquq-müdafiə təşkilatının araşdırması

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin "2017-ci ilin Tərtər hadisələri: xəyanət, yoxsa həqiqətin ictimaiyyətdən gizlədilməsi. Reallıqlar və uydurmalar" adlı hesabatında deyilir ki, 2017-ci ilin mayında Tərtər rayonunda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kütləvi həbslər zamanı minə yaxın hərbçi saxlanılıb və dindirilib.

“200 nəfərə qarşı cinayət işi başlanılıb. Cəbhəyanı məntəqələrin sakinləri olan mülki şəxslərə qarşı da müəyyən cinayət işlər açılıb," hesabatda qeyd edilir.

Sənəddə bildirilir ki, azı 11 hərbçi işgəncələrdən ölüb, onlardan 5 nəfəri ölümündən sonra bəraət alıb.

Hesabat müəlliflərinə əsasən, hazırda azı 25 nəfər həbsdədir. Onlar dövlətə xəyanət və digər ittihamlarla 7 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hüquq-müdafiə təşkilatı bildirir ki, saxlanılanları hərbi qərargahın keçmiş binasında toplayaraq işgəncə veriblər.

"İşgəncələr nəticəsində ölənlərin meyitlərini ailələrə verməyiblər, özləri dəfn ediblər. Dəfn mərasimlərinə çoxlu sayda polis cəlb olunub," sənəddə deyilir.

Xatırladılır ki, daha sonra 101 hərbçi zərərçəkmiş kimi tanınıb, Müdafiə Nazirliyinin 16 əməkdaşı işgəncələrə görə həbs edilib.

"11 hərbçinin ölümündə və işgəncə verilməsində təqsirli bilinən 9 nəfər cəmi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, altı nəfər 6 il, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib," hesabatda qeyd edilib.

Hesabatda işgəncələrin baş verdiyi hərbi hissədə birləşmə komandiri və digər məsul şəxslərin həbs olunmadığı və işdən kənarlaşdırılmadığı göstərilir.

Bununla yanaşı, “Tərtər işi” ilə bağlı istintaqa cəlb edilən insanların ailə üzvləri dəfələrlə işgəncə faktları, övladalrının günahsız olduğu üçün bəraət verilməsi, işgəncə faktları ilə bağlı istintağın yenidən aparılması tələbi ilə çoxsaylı etiraz aksiyaları keçirib, dinləmələr təşkil edib.

Bu işlə bağlı məsələ bu il yenidən çoxsaylı sosial şəbəkə iştirakçılarının, ekspertlərin müzakirə mövzusuna çevrilib. Müzakirələrdə iştirak edənlər yüksək vəzifəli hərbi rəhbərlərin və həmçinin istintaqı aparan orqanın rəhbərlərinin günahkar olduğunu diqqətə çatdırır.

Avropa Şurası Parlament Assambleyasının sənədi

Bu il iyunun 16-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü "Tərtər işi"ndə miqyaslı işgəncə faktları ilə əlaqədar araşdırmanın zəruriliyini bildirib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb,"AŞPA deputatlarının imzaladığı sənəddə deyilir.

"Assambleya işgəncələrin və qeyri-insani rəftar hallarının araşdırılması üçün məruzəçi təyin etməli və Azərbaycanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan edilməsi), 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrə riayət etməsini qiymətləndirməlidir. Assambleya Azərbaycan hakimiyyətini insan hüquqları haqqında Avropa Konvensiyasına riayət etməyə və məhbuslara qarşı bütün işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara son qoymağa çağırmalıdır," sənəddə qeyd edilir.

Hərbi prokuror işgəncə faktları ilə bağlı deyilənləri qəbul etmir

Bununla yanaşı, Azərbaycan hüquq-mühafizə orqanları işgəncə faktları barədə məlumatları qəbul etmir. Hətta tutulma və istintaq dövründə ölən 5 hərbçiyə sonradan məhkəmələr tərəfindən bəraət verilməsinə baxmayaraq, bu il aprelin 16-da hərbi prokuror Xanlar Vəliyev işgəncələrlə bağlı deyilənləri qəbul etmədiyini bildirib.

“Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir,” o qeyd edib.

XS
SM
MD
LG