Mayın 27-də Azərbaycan Hərbi Prokurorluğunun qarşısında "Tərtər işi” üzrə öldürülmüş və həbs edilmiş hərbi qulluqçuların valideynlərinin və qohumlarının etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları övladlarına qarşı cinayət işinin əsassız olduğunu iddia edib.
"Oğlumu sübutsuz mühakimə ediblər, işgəncə veriblər. Mən prezident İlham Əliyevlə görüşmək istəyirəm," etirazçılardan biri bildirib.
"Əsgərlərə işgəncə verərək, öz komandirlərinə qarşı ifadə verməyə məcbur ediblər, sonra işgəncə verərək vətənə xəyanət etdiklərini etiraf etməyə məcbur ediblər. Amma onların heç biri satqın deyil," başqa bir valideyn bildirib.
Aksiya insidentsiz başa çatıb.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edib.
Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.
2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Araşdırma zamanı az 8 şübhəli şəxs öldürülüb. Sonradan təkrar istintaq zamanı öldürülən 4 nəfərə bəraət verilib. İttihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqan məhrumetmə cəzası alıb.