Accessibility links

Təhlil: ABŞ-ın Rusiyaya yeni sanksiyaları [Video]


Təhlil: ABŞ-ın Rusiyaya yeni sanksiyaları
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Təhlil: ABŞ-ın Rusiyaya yeni sanksiyaları

ABŞ və Avropa Birliyi Moskvanın Ukraynanın şərqində gərginliyin azaldılmasına dair öhdəliklərinə əməl etmədiyini bildirərək Rusiyaya yeni sanksiyalar tətbiq edib. Qərb Rusiyanı Ukraynada sabitliyi pozmaq üçün rusiyapərəst separatçılar vasitəsilə ölkənin şərqində üsyanı qızışdırmaqda ittiham edir.

Yeni sanksiyalar Rusiya prezidenti Vladimir Putinə yaxın hökumət rəsmilərini və şirkətləri hədəf alıb. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, sanksiyalar həm də ABŞ-ın Rusiyaya müəyyən ixracat lisenziyalarını məhdudlaşdırır: "Biz çoxdan hiss edirdik ki, Ukraynada qanunsuz fəaliyyətləri dəstəkləyən və prezident Putinə yaxın bir çox rəsmilər var ki, onları burada hədəf ala bilərik".

Böyük Britaniya xarici işlər naziri Vilyam Heyq Rusiyanı Ukraynanın şərqində qırğına təhrikdə ittiham edib: "Xarkov merinə qarşı faciəvi snayper hücumu da Ukraynanın birliyini dəstəkləyənlərin zorakılığa məruz qalmasına bir nümunədir”.

Brüsseldə isə Cenevrə razılığına əməl etmədiyinə görə Moskvaya əlavə sanksiyaları tətbiq etmək üçün Avropa Birliyinə 28 üzv ölkənin nümayəndələri görüşüb. Avropa Komissiyasının sözçüsü Pia Ahrenkild Hansen deyib ki, birliyin diplomatları Rusiya banklarını, enerji və başqa başlıca iqtisadi sektorları hədəf alacaq 3-cü raund sanksiyaları müzakirə edir. "Ukraynada gərginliyin azaldılmasına dair heç bir işarə yoxdur və biz hazırda hesabların dondurulması və səyahət qadağasının daha uyğun cavab olacağını düşünərək bunu nəzərdən keçiririk” - deyə Pia Ahrenkild Hansen bildirib.

Analitiklər deyir ki, hazırda sarsıdıcı olsa da heç bir kiçik sanksiya Moskvanı dayandıra bilməz. Freedom House-un direktoru Deyvid Kremer deyir ki, cari sanksiyalar çox zəifdir.

"Fikrimcə daha sərt və ağır zərbə vuracaq sanksiyalara ehtiyac var. Sanksiyalar Rusiya iqtisadiyyatının sektorlarına qarşı olmalıdır. Bu, həmçinin ABŞ və xüsusilə də Avropaya pis təsir edə bilər, ancaq fikrimcə Obama administrasiyasının həftənin əvvəli açıqladığı sanksiyalar avropalılarla əlaqələndirmədə çətinliyə dair həssaslığı göstərir. Prezident Obama Asiyada olarkən açıq şəkildə bildirdi ki, o, ABŞ və Avropa Birliyinin vahid cəbhədə olmasını istəyir" - deyə Deyvid Kremer vurğulayıb.

Almaniyanın maliyyə naziri Volfqanq Şuble Ukrayna böhranı ilə üzləşən Avropa ölkələrini çiyin-çiyinə və dik dayanmağa çağırıb: "Ən vacib reaksiya Avropanın bir yerdə olmasıdır. Heç kəs Avropanın qərarlılığını kiçiltməməlidir. Biz vəziyyətin gərginləşməsini istəmirik, biz əməkdaşlıq istəyirik. Ancaq bizdən tələb olunsa, dik dayanmağa da hazırıq".

Moskvada isə prezident Putin rus siyasətçilərlə görüşü zamanı Ukrayna hərbi sənayesi ilə uzunmüddətli əməkdaşlığın itirilməsi nəticəsində ölkənin hərbi vəziyyətinin zəifləməyəcəyinə əmin olmağa çalışır.

"Onlar yaxşı maaş alacaq və evlə təmin ediləcək. Onlar lazım olan bütün maliyyə vəsaitini alacaqlar. Proses artıq başlayıb" - deyə Vladimir Putin bildirib.

Bununla yanaşı hətta Ukrayna böhranından öncə də kövrək olan Rusiya iqtisadiyyatı artıq zəifləməyə başlayıb. Belə ki, rubl tarixinin ən aşağı səviyyəsinə enib, birja bazarları kəskin aşağı düşüb və böyük investorlar pullarını ölkə iqtisadiyyatından çıxarmağa başlayıb.
XS
SM
MD
LG