Bir çox Azərbaycanlı şair və alimlərin məzarının yerləşdiyi Təbrizin Şairlər Məqbərəsinin ciddi şəkildə ziyan gördüyü bildirilir.
Şairlər Məqbərəsi kompleksində uzun illərdir aparılan təmir layihəsinin qazıntı əsnasında tarixi binalara uyğun şəkildə aparılmaması nəticəsində binaya suyun sızmasına səbəb olub.
Bu haqda Şərqi Azərbaycan valisinin Tikinti işləri üzrə koordinasiya müavini Cavad Rəhməti vilayətin texniki şurasının iclasında məlumat verib. O, aparılan "yanlış qazıntı" nəticəsində binaya "ciddi ziyan" dəydiyini bildirib.
Rəhməti tarixi binanın yaxınlığında hotel, küçə və yüksək mərtəbəli binaların tikintisinə icazə verilməsinə görə Təbriz Bələdiyyəsini tənqid edib.
Səlahiyyətlinin dediyinə görə, Təbriz Bələdiyyəsi və İslami İrşad İdarəsi layihənin tamamlanması üçün cəmi 28 milyard tümən sərf edib, ancaq hələ ki, bu layihənin təkmilləşdirilməsi üçün kifayət qədər büdcə ayrılmayıb.
Təbrizin qədim Surxab məhəlləsində yerləşən Şairlər Məqbərəsi kompleksinin layihəsi 2004-cü ildən başlasa da, onun başa çatması ilə bağlı maliyyələşdirmə problemləri abidənin gələcəyinə dair qeyri-müəyyənliyə səbəb olub.
Təbriz 2018 tədbirləri zamanı şəhər rəsmiləri bir çox layihənin təkmilləşdirilməsi istiqamətində büdcə təmin ediləcəyi barədə vədlər versələr də, bu vədlərin yerinə yetirilmədiyi görünür.
İran Azərbaycanında və xüsusilə Təbrizdə tarixi binalar və abidələrin baxımsız buraxılması və ya şəhər layihələrinin bu binalar və abidələrin yaxınlığında inşa edilməsi şəhərdə tarixi əsərlərə ziyan vurur.
Təbrizin Şairlər Məqbərəsi təxminən 800 il öncədən Azərbaycan və bölgənin görkəmli şairləri, alimləri və filosoflarının dəfn edildiyi məzarlıqdır. Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyar 1988-ci ildə vəfat etdikdən sonra burada dəfn edilmişdir.