İran Azərbaycanının Təbriz şəhərində milli fəallar Azərbaycan Milli Hökumətinin il dönümünü qeyd etmək məqsədilə türkcə kitablar hədiyyə ediblər.
Sosial mediada paylaşılan şəkillərə əsasən, Təbrizdə milli fəallar 1945-ci ildə İran Azərbaycanında bərpa olunan Azərbaycan Milli Hökumətinin qurulmasının 76-cı il dönümünü uşaqlar arasında türk dilində kitab paylamaqla qeyd ediblər.
İran Azərbaycanında milli fəallar illərdən bəri Azərbaycan Milli Hökumətinin bərpasının ildönümünü vətəndaşlar arasında türkcə kitab və şirniyyat paylamaqla bayram kimi qeyd edirlər. Bu il də, türk fəallar müxtəlif şəhərlərdə 12 dekabr gününü İranda azərbaycanlıların ana dilində təhsil almalarının və türkcənin rəsmiləşməsi günü kimi qeyd ediblər.
1945-ci ilin dekabr ayının 12-dən 1946-cı ilin dekabr ayına qədər cəmi 1 il Azərbaycanda Seyid Cəfər Pişəvərinin sədrliyi ilə fəaliyyət göstərmiş olan Azərbaycan Milli Hökumətinin mərkəzi Təbriz şəhəri olmuşdur.
Azərbaycan Milli Hökumətinin cəmi bir il mövcud olmasına baxmayaraq, bu hökumət tarixdə ilk dəfə İran Azərbaycanında muxtar müasir milli dövlətçilik cəhdi olmuşdur.
1946-ci il dekabrın 12-də Pəhləvi Hökumətinin İran Azərbaycanına ordu yeritməsi nəticəsində Təbriz mərkəzli hökumətin devrilməsi ilə Azərbaycan dilinin tədrisi qadağan olunub. Bəzi şahidlərin sözlərinə və tarixi mənbələrə görə, bir il müddətində nəşr edilən türkcə kitablar İran ordusu tərəfindən yandırılıb, Azərbaycan Demokrat Firqəsinin üzvləri isə şəhər meydanlarında asılıb.
Rza Bərahəni, Əsəd Behrəngi, Məhəmməd Əli Fərzanə kimi şəxsiyyətlər İran Azərbaycanında İran ordusunun Milli Hökumət zamanı çap olunmuş türkcə kitabların yandırılmasını xatirələrində qeyd ediblər.