Türkiyə dövlət xəbər agentliyinin verdiyi məlumata görə, polis çərşənbə axşamı İslam Dövləti qrupunun üzvü olmaqda şübhəli bilinən 43 nəfəri həbs edib. Onların Türkiyə Cümhuriyyətinin 96-cı ildönümünün qeyd olunduğu gün hücum törətməyə hazırlaşdıqları deyilir.
Türkiyədə reydlər İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsindən iki gün sonra başlayıb.
Polis və dövlətin Anadolu xəbər agentliyi şübhəlilərin İstanbulda və ölkənin şimal-qərbindəki Bursada keçirilən ayrı-ayrı əməliyyatlar zamanı həbs edildiklərini bildirib.
Anadolu xəbər agentliyi şəxsiyyəti müəyyən edilmiş üç nəfərin İstanbulda eyni vaxtda keçirilən reydlər zamanı həbs edildiyini bildirib.
ABŞ-in Suriyadakı reydi zamanı Əbu Bəkr Əl-Bağdadinin öldürülməsindən sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirib.
Bazar ertəsi polis Ankarada keçirdiyi əməliyyatlar zamanı İslam Dövləti qrupu ilə əlaqəsi olmaqda şübhəli bilinən 20 xarici vətəndaşı həbs edib.
Türkiyədə 2015-ci və 2016-cı illərdə törədilən hücumlar 300-ə yaxın insanın ölümünə səbəb olub və həmin hücumlarda İslam Dövləti qrupu və kürd militantları günahlandırılıb.