Accessibility links

Türkiyə vətəndaşları aksiya keçirib


Bu gün, iyunun 29-da koronavirus pandemiyası dövründə sərhədlər bağlandığından Azərbaycanda qalan bir qrup Türkiyə vətəndaşı Türkiyənin Bakıdakı Səfirliyinin binası qarşısında aksiya keçirib.

Aksiya iştirakçıları Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edərək ölkələrinə qaytarılması üçün imkan yaradılmasını xahiş edib.

“Biz Türkiyə vətəndaşları neçə aylardır ölkəmizə qayıda bilmirik. Elə insan var ki, ata-anası burada, övladaları Türkiyədə qalıb. Koronavirus pandemiyası ilə əlaqədar iş yerlərimizi də itirmişik. Sərhədlər bağlıdır, nəqliyyat işləmir, quru yolları da bağlıdır. Azərbaycandan quru yolu ilə keçsək belə, Gürcüstan sərhədləri də bağlıdır,” aksiya iştirakçılarından biri deyib.

Aksiya sosial məsafə gözlənilərək keçirilib. Polis müdaxilə etməyib.

Aksiya iştirakçıları deyib ki, Türkiyə Səfirliyi iyunun 30-da problemlərinin həllinə çalışacaqlarını bildirib.

Xatırladaq ki, Azərbaycanda minlərlə Türkiyə vətəndaşı, Türkiyədə isə on minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onlar da Azərbaycana qayıtmaq üçün eyni problemlə üzləşib.

XS
SM
MD
LG