İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
Türkiyə mediasının məlumatına görə, Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğanla yanaşı, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak müşayiət edir.
Türkiyə prezidenti bu gün azad edilmiş Şuşa şəhərinə (Bakıdan 430 kilometr cənub-qərb) səfər edib.
Türkiyə mediasının məlumatına görə, Azərbaycan və Türkiyə prezidentləri Şuşada təkbətək görüşəcək, iki ölkə arasında sənədlər imzalanacaq, birgə mətbuat konfransı keçiriləcək, sonra isə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Şuşa şəhərində gəzintiyə çıxacaq.
İki prezident Şuşada Xanqızı bulağını, Yaradıcılıq Mərkəzini, Sərgi Salonunu, Xalça Muzeyini, Saatlı Məscidi, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərini, Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcək, Cıdır Düzündə gəzintiyə çıxacaqlar.
Daha sonra, iyunun 16-da Türkiyə Prezidenti Bakıda Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcək.