Türkmənistanda martın 12-də erkən prezident seçkisi keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmisi Prezident Qurbanqulu Berdiməhəmmədovun istefaya getməyi planlaşdırdığına işarə etməsindən sonra, fevralın 12-də məlumat verib.
“Prezident bizə martın 12-də növbədənkənar prezident seçkisinə hazırlıq görməyimiz üçün göstəriş verib,” Komissiyanın sözçüsü Bezergen Qarrayev AFP-yə telefon vasitəsilə söyləyib.
Seçkinin tarixi Berdiməhəmmədov parlamentin üst palatasında keçirilən növbədənkənar iclasda hakimiyyəti “gənc liderlərə” ötürmək məqsədilə istefa vermək niyyətində olduğunu bildirəndən bir gün sonra açıqlanıb. Onun ölkənin idarəsini oğluna ötürməyə hazırlaşdığına dair spekulyasiyalar var.
64 yaşlı avrotirar lider bu açıqlamanı Türkmənistan lideri kimi 15 illiyini qeyd etdiyi bir vaxt, fevralın 11-də Xalq Şurasında edib .
“Mən ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun mənəvi mühitdə və müasirliyin yüksək tələblərinə uyğun olaraq tərbiyə olunan gənc liderlərə verilməsi ideyasını dəstəkləyirəm,” o deyib.
Artıq bir ildir ki, Berdiməhəmmədovun hakimiyyəti oğlu Sərdar Berdiməhəmmədova ötürməyə çalışacağına dair şayiələr dolaşırdı. Sərdar ötən sentyabr ayında prezident olmaq üçün minimum yaş həddi olan 40 yaşına çatıb.
Sərdar Berdiməhəmmədov Türkmənistanın siyasi arenasına ötən il baş nazirin müavini təyin oldunduğu zaman daxil olub. Bu, onun hazırda tutduğu bir neçə rəsmi vəzifələrindən biridir. O həm də Dövlət Təhlükəsizlik Şurasının üzvüdür.
Sərdar Berdiməhəmmədov atasının yerinə keçsə, təbii qaz daxil olmaqla nəhəng enerji ehtiyatlarına rəğmən Avrasiyanın ən yoxsul və təcrid olunmuş ölkələrindən birinin idarəsini ələ keçirəcək.
Sərdar Berdiməhəmmədov Xalq Şurasının iclasında iştirak edib və ölkənin 2052-ci ilədək iqtisadi inkişaf planını təqdim edib. 30 illik planın təfərrüatları ictimaiyyətə açıqlanmayıb.
Qurbanqulu Berdiməhəmmədov diqqəti ona itaət edən bir kult yaratmağa yönəltdiyi üçün, ölkə iqtisadiyyatını doğru idarə etməyib. Ölkədə son illərdə subsidiyalar dayandırıldığı, tələbat isə təchizatdan həddindən artıq çox olduğuna görə yanacaq, ərzaq, əmtəə və xidmətlərin qiymətləri bir çox hallarda azı 300-500 faiz artıb.
Uzun müddət ölkəni idarə edən Prezident Saparmurad Niyazovun ölümündən sonra 2007-ci ildə keçirilən saxta seçkilərlə hakimiyyətə gələn Berdiməhəmmədov nə zaman istefa verəcəyini açıqlamayıb.
Türkmənistan 1991-ci ildə Sovet İttifaqının süqutu nəticəsində müstəqil olandan bəri ölkədə heç vaxt azad və ədalətli seçki keçirilməyib.