Accessibility links

Türkiyə Yeni Zelandiyadan ölüm cəzasının bərpasını tələb edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Yeni Zelandiyanın ölüm cəzasını bərpa etməsini və Kraystçörçdə iki məsciddə 50 nəfəri öldürən silahlı şəxsə bu cəzanı tətbiq etməsini tələb edib.

Ərdoğan bu tələbi çərşənbə axşamı yerli seçkilərdən öncə ölkənin şimalında yerləşən Ereğli şəhərindəki kampaniya mitinqində səsləndirib.

“İnsan həyatı nə qədər də ucuzdur. Qanunlarınızda belə bir şey yoxdursa, yeni qanunvericilik qaydaları qəbul edin və bu cür qatillərə yaşamaq haqqı verməyin”, Ərdoğan söyləyib.

Ərdoğan məsciddəki kütləvi atışmanı yerli seçki kampaniyasının diqqət mərkəzinə yerləşdirib. Onun kampaniya mitinqlərində dəfələrlə silahlı şəxsin məscidə hücum etdiyi anların videoları yayımlanıb.

Yeni Zelandiya höküməti Ankaranı videonu yayımlamamağa və ritorikasını dəyişməyə çağırıb. Rəsmi Uellinqton xəbərdarlıq edir ki, bu ritorika Yeni Zelandiya vətəndaşlarına qarşı hücumlara səbəb ola bilər. Hökümət həmçinin şübhəli şəxsin Avstraliya vətəndaşı olduğunu da bildirib.

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters çərşənbə axşamı deyib ki, o, “məsələni həll etmək” üçün Türkiyəyə səfər edəcək.

Türkiyə prezidenti martın 31-də keçiriləcək yerli seçkilərdən öncə dini baxımdan mühafizəkar AK Partiyasına dəstək toplamağa çalışır.

XS
SM
MD
LG