Accessibility links

Türkiyə ictimaiyyəti Suriyaya mümkün hücuma dəstək vermir



Türkiyə hökuməti Suriyaya qarşı hərbi əməliyyatlara dəstək verəcəyini bəyan edib. ABŞ silahlı qüvvələri uzun illərdir Türkiyənin İncirlikdəki hərbi bazasından istifadə edir. Eyni zamanda Türkiyə qüdrətli hərbi hava qüvvələrinə malikdir. Lakin Türkiyənin müxalifət partiyaları Suriyanı hədəf alacaq hərbi əməliyyatların əleyhinə çıxış edir. Rəy sorğularına əsasən, Türkiyə ictimaiyyəti Suriyaya hərbi müdaxilə məsələsinə skeptik yanaşır.

Türkiyə hökuməti Suriya prezidenti Bəşar Əl-Əsədin keçən ay kimyəvi hücuma görə məsul tutulması tələbini irəli sürən ilk ölkələr arasında olub.

Brüsseldə Karnegi fondunun Avropa bölməsinə dəvət edilmiş təhlilçi Sinan Ulgen deyir ki Türkiyə Vaşinqtonun Dəməşqə qarşı hər hansı bir aksiyasında ABŞ-ın güclü müttəfiqi olmalıdır. Lakin o, tərəflər arasında fikir ayrılıqların da qaldığını əlavə edir: “Türkiyə Əsəd və onun rejiminin kimyəvi silahlardan istifadə etdiyinə görə cəzalandırılması fikrinə dəstək verib. Fərq ondadır ki, Türkiyə Əsədin hakimiyyətdən devrilməsi kimi məqsədə nail olmaq üçün daha geniş hücumun keçirilməsini istəyir.”

Prezident Barak Obama Suriyaya qarşı hücumun məhdud xarakter daşıyacağını və rejimin hakimiyyətdən devrilməsi kimi məqsədin qarşıya qoyulmadığını bildirib.

Türkiyənin “Tərəf” qəzetində diplomatiya məsələlərini işıqlandıran təhlilçi Semih İdiz bu fərqlərə baxmayaraq, rəsmi Ankaranın ABŞ-ın başçılığı ilə əməliyyata dəstək verəcəyini deyir. Lakin onun sözlərinə görə, bu daha məhdud dəstək ola bilər: “Xarici İşlər naziri Əhməd Davutoğlu deyib ki, Türkiyə koalisiya yaradılsa, orada iştirak etmək istəyir. Lakin burada çox ciddi sual durur. Bu da Türkiyənin əslində Suriyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak edib-edə bilməməsi ilə əlaqədardır. Bu fikir Türkiyə cəmiyyəti tərəfindən dəstəklənmir. Müxalifət də bunu dəstəkləyəmərək, belə bir addımın partlament tərəfindən razılıq əsasında atılmalı olduğunu bildirir. Belə bir mandat isə mövcud deyil. Təhlilçilərin böyük hissəsi hesab edir ki, Türkiyə hərbi əməliyyatlarda birbaşa iştirak etməyərək, İncirlik kimi amerikalıların istifadə etdiyi hərbi bazalar vasitəsilə əməliyyatlara yardım edəcək.”

ABŞ hərbi qüvvələri Suriya ilə sərhəd bölgəyə yaxın yerdə yerləşən İncirlik hərbi bazasından on illərdir istifadə edir.

“Milliyyet” qəzetinin yazarı Kadri Gurselin fikrincə, ABŞ-ın mümkün hərbi hücumu üçün öz bazaları və hava ərazisindən istifadəyə icazə verməklə Türkiyə risk qarşısında qalmış olur. Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın ABŞ-ın hərbi əməliyyatlarından sonra qisas ala biləcəyindən narahatdır: “İki cür variantdan söhbət gedir. Biri terrorizmdir və bu, may ayında Reyhanlıda Türkiyə tarixində ən pis terror hücumu həyata keçirilməklə sübut oldu. İkincisi isə, nəzəri və hərbi baxımdan Türkiyənin Suriyanın kimyəvi arsenalının hədəfinə çevrilməsidir.”

Türkiyə hökuməti Dəməşqi may ayında Suriya ilə sərhəd bölgədə yerləşən Reyhanlı şəhərində böyük dağıntılara səbəb olmuş bomba hücumlarında ittiham etmişdi. Hadisə nəticəsində 52 nəfərdən çox insan həyatını itirmişdi. Keçən ay Türkiyə mətbuatında rəsmilərin Suriyadan Türkiyə ərazisinə böyük həcmdə partlayıcı maddələr keçirməyə cəhd göstərən iki suriyalını saxladığı haqda xəbərlərdən sonra gələcəkdə mümkün hücumlarla bağlı narahatlıqlar daha artmışdır.

Təhlilçi Semih İdiz ABŞ-ın Suriyaya mümkün hücumunun Türkiyə ictimaiyyətində ciddi reaksiya yaradacağı ilə bağlı xəbərdarlıq edir: “Türkiyə ictimaiyyəti hər zaman Qərbin müsəlman ölkələrinə, xüsusilə də Yaxın Şərqdə müdaxiləsinin əleyhinə olub. Türkyədə nümayişlərin şahidi olduq, biz yenə də küçələrdə iğtişaş polisini görə bilərik. Elə indinin özündə bəzi müxalifət kanalları və qəzetlərin nümayişlərə təhrik etdiyini görə bilərik.”

İyun ayında Türkiyə Baş nazir Rəcəp Tayyib Ərdoğanın idarəçiliyindən narazılıqla əlaqədar hökumət əleyhinə son on illər ərzində ən ciddi nümayişlərə səhnə oldu. Rəy sorğuları göstərir ki, Ankaranın Suriyada üsyançılara dəstəyi hökumət tərəfdarları da daxil olmaqla ictimaiyyət arasında dəstək tapmayıb. Təhlilçilər Türkiyə hökumətinin ABŞ-ın başçılığı ilə Suriyaya qarşı hərbi əməliyyatlara dəstəyinin baha başa gələ biləcəyi ilə bağlı xəbərdarlıq edir.
XS
SM
MD
LG