İtaliya sahillərinə içi minlərlə Suriyalı qaçqınla dolu iki ekipajsız gəminin yaxınlaşması Türkiyənin qaçaqmalçılıq yolu ilə İtaliyaya insan keçirilməsində oynadığı rolu göstərir. Azı bir gəminin sərnişinlərinin Türkiyədən baza kimi istifadə etdikləri bilindiyi üçün, Avropa Birliyi Ankaranı hərəkətə keçməyə çağırır.
İstanbulun kasıb Dolapdere məhəlləsində yerləşən bir kafe Avropaya keçmək istəyən mühacirlərin yuvasına dönüb. Kafenin arxasında “keçid adamı” oturur. İnsan qaçaqmalçılığı jarqonu ilə desək, bu adam mühacirləri və qaçaqmalçılıqla məşğul olan insanları bir araya gətirir.
Əsl adını bildirmək istəməyən Maykl Qərbi Afrikadandır. Maykl bildirir ki, o, digər afrikalı mühacirlərlə birgə İstanbula Avropaya keçmək ümidi ilə gəlib. Lakin daha sonra o, elə İstanbulda da dolanışığını təmin edə biləcəyini anlayıb. Maykl bildirir ki, İstanbul qayıqla Avropaya insan ötürülməsində mərkəzi nöqtədir.
Ekspertlər bildirirblər ki, bu yaxınlara qədər İstanbuldan Yunanıstan və Bolqariyaya aparan quru yolu mühacilər üçün ən populyar və ən ucuz yol idi. Ancaq Avropa Birliyinin sərhədlərini qorumaq üçün dəstəklədiyi Frontex təhlükəsizlik qüvvəsi qaçaqmalçıları öz strategiyalarını dəyişməyə vadar edib. Ekspert Əhməd İçduyğunun sözlərinə görə, İstanbuldan keçən, beynəlxalq su yolu olan Bosfor boğazı rəsmilərin işini çətinləşdirir, qaçaqçılara isə yeni fürsət yaradır.
İstanbulun sahilində çoxlu gəmilər dayanır. Ekspertlərin sözlərinə görə, dünyanın fərqli yerlərindən gələn gəmilərin burda sahibləri, ekipajı, hətta adları dəyişdirilir. Daha sonra bu gəmilər yollarına naməlum karqo ilə davam edirlər. Ancaq İtaliya sahilinə içi miqrantlarla dolu iki gəminin yaxınlaşması Brüsseli Ankaradan açıqlama istəməyə vadar edib.
Türkiyə Avropa Birliyinə üzvlük təklifinin bəzi üzv ölkələr tərəfindən qarşıdurma ilə üzləşdiyi bir dövrdə Ankara əməkdaşlıqdan yayına bilər.
Türkiyədə iki milyona yaxın suriyalı qaçqın yaşayır. Brüssel isə qaçqınlar üçün daha çox səy göstərmək barədə müraciətləri qulaqardına vurur. Buna görə də, Ankara Avropa Birliyinin qanunsuz mühacirlərin artması ilə bağlı narahatlığını anlayışla qəbul etmir.