Accessibility links

Türkiyə Suriya kürdlərinə qarşı mümkün hərbi əməliyyatlara işarə edir


Türkiyə Suriya sərhədinə hərbi qüvvələr yerləşdirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya daxilində hərbi əməliyyatlatın qaçılmaz olduğu ilə bağlı ritorikanı gücləndirir. Rəsmi Ankaranın Suriyanın Afrin anklavında mümkün əməliyyatlara dəstək məqsədilə Moskvanın razılığını almağa çalışdığı ilə bağlı məlumatlar verilir. Afrin hazırda kürdlərin YPG qrupunun nəzarətindədir.

Ankara Türkiyə ilə Suriya sərhədində geniş əraziyə nəzarət edən YPG-ni fəaliyyəti qadağan olmuş PKK ilə əlaqəsi olmaqda ittiham edir.

“Biz yaxın gələcəkdə yeni kampaniyaların gerçəkləşdirilməsi məqsədilə mühüm addımlar atacağıq”, deyə prezident Ərdoğan keçən həftənin şənbə günü tərəfdarları qarşısında nitqində bildirib.

Hərbi əməliyyatlar perspektivi Türkiyənin iqtidaryönlü mediası tərəfindən rəğbətlə qarşılanıb.

Eyni zamanda, Ərdoğan gələn il keçiriləcək prezident və parlament seçkilərindən öncə millətçi tərəfdarların dəstəyinə əmin olmağa çalışır.

Siyasi ritorikanın güclənməsi Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusunun elementlərinin Afrində YPG-yə qarı hücumlarını artırması haqda xəbərlər fonunda baş verir.

Türkiyə silahlı qüvvələrinin tankları Suriya ilə sərhəd bölgəsində
Türkiyə silahlı qüvvələrinin tankları Suriya ilə sərhəd bölgəsində

Türkiyə silahlı qüvvələri Fərat qalxanı əməliyyatının bir hissəsi olaraq, Suriya Azadlıq Ordusunun elementlərini İŞİD və YPG-dən müdafiə etmək məqsədilə Suriyaya daxil olub. Suriya Azadlıq Ordusu Afrin anklavı ilə sərhəddə olsa da, üstünlüyə malik deyil.

Moskva YPG-nin nəzarət etdiyi Afrin bölgəsinə hərbi qüvvələr yerləşdirib. Bu qüvvələrin bir hissəsi Türkiyə sərhədinə yaxındır. Bəzi təhlilçilər Türkiyənin bu məqamda imkan əldə etməyə çalışdığını qeyd edir.

Ankara Moskvanı razı salmaq səyləri çərçivəsində keçən ay Rusiyanın müasir hava müdafiə sistemini alması haqda qərarı elan edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü Manilada ASEAN ölkələrinin sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.

Türkiyə, Rusiya və İran rəsmilərinin çərşənbə axşamı günü Tehranda iki günlük toplantısı başlayacaq.

XS
SM
MD
LG