Türkiyə hərbi təyyarələri İraqın şimalında və Suriyanın şimal-şərqində kürd yaraqlılarının mövqelərinə qarşı havadan zərbələr endirib. Bu haqda açıqlama verən hərbi qüvvələrin nümayəndələri əməliyyatın yaraqlıların Türkiyə ərazisinə döyüşçülər və silah keçirməsinin qarşısının alınması məqsədi daşıdığını bildirib.
Suriyada kürd yarı hərbi dəstələri hücum zamanı media mərkəzi, yerli radiostansiya və kommunikasiya qərargahının, eləcə də bəzi hərbi postların vurulduğunu, Suriyanın şimal-şərq Hassakeh bölgəsində naməlum sayda döyüşçünün öldürüldüyünü bildirib.
Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu da Karaçokda hücum zamanı media və hərbi hədəflərin vurulduğu haqda məlumat verib.
Qrupun bildirdiyinə görə, Suriya kürdlərinin Xalq Müdafiə Birləşmələri, YPG adı ilə tanınan yarı hərbi dəstələrinin 18 üzvü öldürülüb. Bundan əvvəl Müşahidə qrupu üç döyüşçünün öldürüldüyü haqda məlumat vermişdi. Kürd rəsmiləri hələlik bununla bağlı şərh verməyib.
Rəsmi Ankara fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə partiyası PKK-nin üzvlərinin İraq və Suriyada sığınacaq tapdığını bildirir.
Türkiyə silahlı qüvvələrinin açıqladığı bəyanatda deyilir ki, səhər tezdən keçirilmiş hərbi hava hücumları zamanı İraqın şimalında Sincar dağlıq bölgəsində və Suriyanın dağlıq regionunda hədəflərə zərbələr endirilib.
Bəyanatda bildirilib ki, əməliyyatlar kürd üsyançıları, silahlar, hərbi sursat və partlayıcıların bu bölgələrdən Türkiyə ərazisinə keçməsinin qarşısının alınması məqsədilə keçirilib.
Türkiyə hökumətinin protokol qaydalarına əsasən adının açıqlanmaması şərtilə danışan təhlükəsizlik qüvvələrinin bir nümayəndəsi hava hücumları zamanı yüksək səviyyəli komandirlər də daxil olmaqla təxminən 200 kürd yaraqlısının öldürüldüyünü bildirib.
Suriyadakı kürd qrupları İŞİD-ə qarşı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın bir hissəsini təşkil edir. ABŞ-ın dəstəyi ilə kürd qüvvələr İŞİD-in özünün paytaxtı elan etdiyi Raqqa şəhərinə yaxınlaşır.