Accessibility links

Türkiyə qəzeti İsveç və Finlandiya üçün tələblər siyahısını dərc edib


Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmaq müraciətlərini təsdiq etmək üçün şərt olaraq onlardan Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli təşkilatlara dəstəyi dayandırmalarını istəyir.

Türkiyədə hökumətyönlü bir qəzet yazıb ki, rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük təkliflərini təsdiqləməzdən əvvəl onların yerinə yetirmələrini istəyəcəyi 10 tələbdən ibarət siyahı hazırlayıb.

"Sabah" qəzetinin dərc etdiyi siyahıda hər iki ölkənin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli təşkilatlara, habelə Ankaranın bu qadağan olunmuş qrupun fəaliyyətinin davamı hesab etdiyi suriyalı kürd döyüşçülərə hər hansı maliyyə dəstəyininin dayandırılmasına dair çağırış yer alır.

Bundan əlavə, Türkiyə bu ölkələrdən Suriya kürdlərindən ibarət qruplaşmanın üzvləri ilə əlaqəni dayandırmalarını tələb edir.

Qəzet yazır ki, Türkiyə həm də İsveç və Finlandiyanın Türkiyənin terror ittihamı ilə axtarışa verdiyi şübhəlilərin ekstradisiyası prosedurunu "sürətləndirməsini" istəyir.

Siyahıda həmçinin İsveçdən "Sabah"ın Türkiyəyə qarşı dini lider Fətullah Gülənin tərəfdarlarının dezinformasiyası adlandırdığı kampaniyanın qarşısını alması tələb olunur.

Ankara 2016-cı ildə çevriliş cəhdinin arxasında Gülənin olduğunu hesab edir. Gülən hərəkatının bir çox tərəfdarı İsveçə qaçıb.

XS
SM
MD
LG