Accessibility links

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib


Cümə axşamı Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmaq təklifini ratifikasiya edərək, Şimali Avropa ölkəsinin Qərb hərbi ittifaqına daxil olmasının qarşısındakı son maneəni aradan qaldırıb.

"Bütün 30 NATO müttəfiqi artıq üzvlük protokolunu ratifikasiya edib. Finlandiya yaxın günlərdə rəsmi olaraq alyansımıza qoşulacaq" – deyə, Stoltenberq cümə günü bildirib. Türkiyənin səsverməsindən sonra tvitində Stoltenberq qeyd edib ki, Finlandiyanın alyansa daxil olması "bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək".

Finlandiya və qonşu İsveç, Rusiyanın ötən il Ukraynanı işğal etməsindən sonra hərbi alyansa qoşulmaq üçün onilliklər ərzində davam etdirdikləri neytrallıqlarından imtina ediblər.

NATO-nun iyul ayında keçirilən sammitində onların üzvlük ərizələri ratifikasiya olunduqdan sonra, NATO-ya üzv ölkələr Finlandiya və İsveç üçün yekun təsdiqin verilməsi prosesindən keçiblər.

Macarıstan Finlandiyanın ərizəsini bazar ertəsi təsdiqləyib və bununla da NATO-nun hazırkı üzvləri arasında yekdil olması lazım olan bir prosesdə yalnız Türkiyə qalmışdı.

Həm Finlandiya, həm də İsveçin ərizələrinin ratifikasiyası Türkiyənin terror təşkilatı hesab etdiyi qruplara qarşı çox yumşaq davranmalarından narahatlığını ifadə etməsi səbəbilə ləngiyib.

Üç ölkənin nümayəndələri həll edilməmiş məsələlərini həll etmək üçün bu ay bir araya gəlib, lakin nə Türkiyə, nə də Macarıstan hələ ki, İsveçin təklifini dəstəkləyəcəyinə işarə etməyib.

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaks çərşənbə günü bildirib ki, İsveçin NATO-ya üzv olmaq təklifi Macarıstan tərəfindən ratifikasiya edilməzdən əvvəl "həll edilməli olan çoxlu narazılıqlar" var.

İsveç və NATO liderləri bildiriblər ki, İsveç Türkiyənin narahatlığını aradan qaldırmaq üçün bir sıra islahatlar həyata keçirib. Stoltenberq dəfələrlə bildirib ki, o, həm Finlandiya, həm də İsveçin sonunda NATO üzvü olacaqlarını gözləyir.

XS
SM
MD
LG