Türkiyə parlamenti yeni qanun layihəsini nəzərdən keçirir.
Daxili təhlükəsizlik islahatları qanunu polisə axtarış, nəzarət, və həbs etmə səlahiyyətlərini verməklə yanaşı, müttəhimlər və onların vəkillərini hüquq prosesinin detallarını əldə etmək imkanından məhrum edəcək.
Qanun həm də hökumətin Türkiyə konstitusiyasına hədə törədənlərin və ya çevrilişə cəhd edənlərin əmlaklarını ələ keçirməsinə də imkan yaradacaq.
Qlobal Mənbə Tərəfdaşlığı təşkilatının siyasi məsləhətçisi Atilla Yeşilada hökumət əleyhinə fəaliyyət göstərənlərin əmlaklarının müsadirə edilməsinə dair qanunun nəzərdən keçirməsinin daxili və xarici investorların ciddi narahatlığına səbəb olduğunu deyir.
“Günahların sübutu hakimdən alınıb müdafiəçiyə verilir. Bu da məhkəmənin şübhəlinin əmlakını müsadirə etməsinə dair qərarına əsas verir. Proseslərin nə qədər uzun sürəcəyi nəzərə alınsa, bu, əmlakların dəyər və nəhayət ticari baxımdan sərfəliliyini itirməsinə yol açacaq. Hər şey qanunun nə qədərəcədə geniş istifadəsindən asılı olacaq. “
Baş nazir müavini Bülent Arınc isə qanun layihəsinin polisə ölkə konstitusiyasının müdafiəsində daha geniş səlahiyyət verəcəyində israrlıdır.
Lakin Human Rights Watch-un baş araşdırmaçısı Emma Sinkleyr Uebbin fikrincə, qanun hökumətin təzyiqlərini artırmasına yaxşı bir imkan olacaq.
“Çevrilişə cəhd olduqca ciddi bir ittihamdır. Türkiyədə bundan geniş istifadə edilir. Bundan etiraz aksiyası keçirən futbol azarkeşlərinə qarşı istifadə edildiyini görmüşük. Əmlak müsadirəsi hökumətin opponenetlərinə qarşı mübarizəsində daha bir silah olacaq.”
2009-cu ildə Türkiyənin ən böyük media holdinqi Doğan hökumətdə korrupsiyaya dair yazılarına görə multimilyardlıq vergi cəriməsinə məhkum edilib.
Bu il isə prezident Rəcəb Tayyib Ərdoğanın AKP-yə qarşı konspirasiyada ittiham etdiyi Asya Bank istintaq hədəfinə çevrilib.
Qanun layihəsi hətta bəzi hökumət rəsmilərini də narahat edir. Avropa İttifaqına üzlük naziri Volkan Bozkir qanun layihəsinin Türkiyənin quruma üzvlüyünü sual altına alacağını deyib. O, qanunların Avropa İttifaqının standartlarına uyğun olmasının vacibliyini vurğulayıb.
Türkiyənin ittifaqa üzvlük məsələsi arxa plana çəkilib. Belə ki, ölkənin demokratik islahatlar yolunda inkişaf deyil, geriləmə kursu aldığı narahatlıqlar doğurur.
Qanun layihəsinin təsdiqi və prezident tərəfindən ratifikasiyası gözlənilir.