Tərəflər bazar günü İstanbulda İranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqları məhsuldar adlandırıb. Lakin təhlilçilərin firkincə, Türkiyənin məsələdə rolu İranın Türkiyənin xarici siyasəti, xüsusilə də Suriyada dəyişikliklər çağırışına qoşulması ilə bağlı artan narazılığına görə getdikcə zəifləyir.
Türkiyə əvvəllər İranın dinc məqsədli nüvə proqramını dəstəkləmiş və iki il bundan əvvəl İrana qarşı BMT sanksiyaları əleyhinə çıxış etmişdi. Lakin İranın bir sıra məsələlərdə özünü Qərb müttəfiqlərindən təcrid etməsi Türkiyə və İran arasında münasibətlərin xarakterinin dəyişməsinə gətirib çıxarmışdır.
Avropa Parlamentinin Türkiyə komitəsini üzvü Riçard Hovitt deyir ki, Türkiyə İran məsələsində öz kursuna qayıdıb. Riçard Hovitt: ”Türkiyə İran məsələsində müəyyən dərəcədə inamı itirmişdi və Türkiyənin sanksiyaların əleyhinə çıxış etməsi ictimai əlaqələrə öz təsirini göstərmişdir. Biz BMT və Avropa İttifaqında bu sanksiyalar üzərində böyük iş aparmışdıq.”
Türkiyənin rolunun dəyişməsində əsas faktor Tehranın mühüm regional müttəfiqi olan Suriyadır.
Bir zamanlar Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan və Suriya prezidenti Bəşar Əl-Əsəd arasında yaxın münasibətlər Suriyada müxalifətə qarşı zorakı təqiblərə görə tədricən zəifləşmişdir. Türkiyə hökumətinin Suriya müxalifətini dəstəkləməsi İranı qəzəbləndirmişdir.
Bu özünü İranın keçən həftə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya formatında keçən danışıqların İstanbulda keçməsini əngəlləmək səylərində göstərmişdir. Cənab Ərdoğan buna qısaca cavab verərək, “İran düzgünlüyü olmadığı üçün beynəlxalq prestijini getdikcə itirir” demişdi.
Sonda danışıqlar İstanbulda keçdi, lakin İran və digər tərəflər növbəti görüşün Bağdadda keçirilməsinə dair razılıq əldə etdilər.
Kadir Has universitetində tədqiqatçı Soli Özelin sözlərinə görə, münasibətlərdə müəyyən soyuqluğa baxmayaraq, Tehran Ankaranın faydalı olduğuna inanır.
Soli Özel:”İranın Türkiyənin xeyirxahlığına ehtiyacı var, çünki həqiqətən də Türkiyə siyasi həll yoluna çalışan yeganə ölkədir.”
Türkiyə təbii qaza olan ehtiyacının 80 faizini İran və İranın əsas müttəfiqlərindən olan Rusiya vasitəsilə ödəyir. Təhlilçi Özelin sözlərinə görə, bu, İranı Türkiyənin tələsik addımlar atmayacağına əmin edir.
Bəzi tənqidçilər Türkiyənin İranın nüvə proqramı ilə bağlı məsələdə vasitəçi rolunu itirə biləcəyini düşünür. Milliyet qəzetinin müxbiri Semih İdiz Ankaranın gələcəkdə potensial rol oynayacağını deyir. Semih İdiz:”İrana dair danışıqlar öz yolu ilə gedir. Lakin burada tərəflər öz mövqelərinə sadiq qalır. Əgər tərəflərin açıq və aydın imkanları olan bir ölkəyə ehtiyacı olsa, burada Türkiyə üçün yer var.”
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya formatında İrana dair danışıqların növbəti raundu may ayında Bağdadda keçiriləcək.
Danışıqlar zamanı Tehrandan beynəlxalq ictimaiyyətin İranın nüvə enerjisindən silah istehsalında istifadə edəcəyinə dair narahatlıqları azaltmaq üçün addımlar atmasının istəniləcəyi gözlənilir.
Tehran belə bir addımın atılması üçün beynəlxalq sanksiyaların zəiflədilməsini istəyib. Təhlilçilərin böyük hissəsi əks tərəfin tələblərinə cavab verməyin çətin olacağını deyir.