Dünya oxucularına “Qar”, “Mənim adım qırmızı”, “Səssiz ev” kimi romanlarla yanaşı, “İstanbul:xatirələr və şəhər” adlı avtobioqrafik kitabı ilə tanış olan Nobel mükafatı laureatı yazıçı Orhan Pamuk beynəlxalq nüfuzundan Gezi parkı nümayişçilərinə dəstək üçün istifadə edib. Yazıçı Türkiyə hökumətinin dinc oturaq aksiya kimi başlayıb sonradan polisin zorakılıqlara əl atdığı nümayişlərə reaksiyasını repressiv kimi qiymətləndirib.
ABŞ-ın mötəbər “New Yorker” jurnalı üçün yazısında Pamuk baş nazir Ərdoğan administrasiyasının istanbulluların istəklərini nəzərə almamasının böyük səhv olduğunu bidirib. Pamuk “İstanbul” kitabında şəhərin Nişantaşı hissəsində yaşadığı evin qarşısındakı şabalıd ağacından bəhs etdiyini xatırladıb. O, 1957-ci ildə şəhər bələdiyyəsinin qonşuların etirazlarına baxmayaraq, küçəni genişləndirmək məqsədilə agacı kəsmək qərarı verdikdə onun ailəsinin gecə-gündüz küçədə keşik çəkərək, ağacı qoruya bilməsindən yazıb. “Bu gün Taksim meydanı İstanbulun şabalıd ağacıdır. Mən İstanbulda 60 ildir yaşayıram və şəhərdə elə bir adam təsəvvür etmirəm ki, onun Taksim meydanı ilə bağlı bir xatirəsi olmasın”-deyə Pamuk bildirib.
Yazıçı baş nazir Rəcəp Tayyib Ərdoğan hökumətinin İstanbulda yaşayan milyonlarla insanın iradəsini nəzərə almamasını avtoritar tendensiya kimi dəyərləndirərək, Türkiyədə insan hüquqları sahəsində vəziyyətin son10 ildə ən pis səviyyədə olduğunu qeyd edib. Orhan Pamuk İstanbul sakinlərinin Taksim meydanında siyasi nümayişlərdə öz hüquqları uğrunda mübarizəsinin onda ümid yaratdığını deyib.
Türkiyənin daha bir tanınmış yazıçısı Elif Şəfəq Britaniyanın nüfuzlu Guardian qəzetində dərc olunan məqaləsində Taksim meydanında nümayişlərə Türkiyədə ümumi durumun göstəricisi kimi qiymət verib. O, məqaləsində zorakılıqların üç başlıca səbəbi kimi Türkiyədə güclü müxalifətin olmaması, hökumətin daha çox güc və hakimiyyəti öz əlində cəmləşdirməsi və nəhayət Ərdoğan hökumətinin ölkədə ənənəvi olaraq siyasi baxımdan güclü olan ordunu zəiflətməyə nail olduğu halda, demokratiya, insan haqları və azad mətbuatın müdafiəsi işində qeyri-effektiv olmasını göstərir.
Elif Şəfəq Rəcəp Tayyib Ərdoğanı müvəffəq siyasətçi adlandırsa da, onun kompromisə gedə bilməməsini qeyd edib. O, 2011-ci ildə baş nazir Ərdoğanın qələbədən sonra ona səs verənlərlə bərabər, onun əleyhinə səs verənləri təmsil edəcəyini deməsini xatırladaraq yazır ki, insanların yaddaşlarında bu, “balkondakı çıxış” kimi yadda qalıb, lakin bu gün etiraz bildirənlər arasında o, mesajı alqışlayan insanlar da var. Elif Şəfəqin sözlərinə görə, Türkiyədə bu günkü ab-hava baş nazir Ərdoğanın cəmiyyətin ona səs vermiş 50 faizini təmsil etdiyini, qalanların isə özlərini təcrid edilmiş və ya alçalmış hiss etdiyini göstərdiyinə işarə edir.
Nümayişlərin daha bir səbəbi olan Bosfor üzərində yeni körpüyə Yavuz Sultan Seliminin adının verilməsinə toxunan Elif Şəfəq türk-yəhudi yaçızı Mario Levinin Tvitterdə “nə üçün Rumi, ya da Yunus Emre körpüsü olmasın” mesajını qeyd edərək, həm Yunus Emre, həm də Ruminin humanizm və sülhpərvərliklərinə görə dərin hörmətlə anılan tarixi şəxsiyyətlər olduğunu yazır.
Almaniyada yaşayan türk əsilli kino-rejissor, "Yaşamın Kıyısında" filminə görə 2000-ci illərin birinci onilliyinin ən yaxşı ssenari müəllifi adlandırılmış Fatih Akın da hazırda film çəkilişlərində olduğu İordaniyadan Gezi parkı aksiya iştirakçılarına video vasitəsilə dəstək mesajı göndərib. Akın etirazçılara dəstək bildirməklə yanaşı, Türk mediasını hadisələrin ilk günü fəal işıqlandırmadığına görə məzzəmmət edib.
Türkiyənin Yaxın Şərq və Şərqi Avropa ölkələrində “yumşaq gücü” hesab edilən kino-seriallarında çəkilən tanınmış aktyorlar da Gezi parkına dəstək mesajları verməyə davam edir. Etiraz nümayişlərinin ilk günündən Taksim meydanında insanlar arasında olan “Möhtəşəm yüz il” serialında Sultan Süleyman rolunda çəkilmiş aktyor Halit Ergenç Serbiyanın “Kurir” qəzetinə müsahibəsində azadlıqlar uğrunda mübarizədə xalqla bir olduğunu deyib. Belqradın aparıcı qəzetinə müsahibədə aktyor deyib ki, hamı dindar olmaya bilər və dini görüşlər kiməsə qəbul etdirilməməlidir. O daha sonra əlavə edib: “Valideynlərimiz dünyəvi dövlət yaradıbsa və o, yaxşı funksiya göstərirsə, bu niyə də belə qalmasın?”
Gezi parkı aksiyalarına dəstək verən ilk sənət adamlarından biri də türk kino-serillarında çəkilən tanınmış aktyor və model Kivanc Tatlıtuğ olub. “Gümüş”, “Aşqı-Memnu” və hazırda Kanal D tele-kanalında nümayiş etdirilən “Qüzey Güney” filmlərində ifa etdiyi yadda qalan rolları ilə tamaşaçıların rəğbətini qazanan Tatlıtuğ dəstəyini iyunun 1-də Tvitter-də paylaşdığı mesajında bildirməklə yanaşı, Taksim meydanında insanlarla birlikdə küçəyə çıxaraq, pərəstişkarları ilə danışıb, fotolar çəkdirib.
Türkiyənin tanınmış pianoçusu və bəstəkarı Fazil Say Nazim Hikmətin ölümünün 50 illiyi münasibətilə xatirə konsertində çıxışını Gezi parkına dəstəklə bitirib. Pianoçu Türkiyənin olduqca maraqlı bir günlər yaşadığını deyib. Fazil Sayın səhnədə etirazlara dəstək əlaməti olaraq tava çalması zaldakılar tərəfindən alqışlarla qarşılanıb.