Accessibility links

"Qardaşım axsayırdı, ağrılardan dayana bilmirdi" [Audio-Müsahibə]


Avropada yaşayan siyasi mühacir və Azad Söz internet resursunun rəhbəri Tural Sadıqlı qardaşı Elgiz Sadıqlının həbsindən danışır

Fevralın 23-də Azad Söz internet səhifəsinin rəhbəri Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı polis tərəfindən saxlanılaraq, 30 sutka inzibati həbs cəzası alıb. Amerikanın Səsinə danışan Tural Sadıqlı qardaşının işgəncə gördüyünü və ona qarşı saxta narkotik ittihamları irəli sürüldüyünü deyib.

Tural Sadıqlı qardaşı Elgiz Sadıqlının həbsindən danışır
please wait

No media source currently available

0:00 0:06:36 0:00

Amerikanın Səsi: Tural bəy, sizin qardaşınız Elgiz Sadıqlı 30 sutka həbsə məhkum edilib, onun həbsinin səbəbi nədir? Hansı ittihamlarla həbs edilib?

Qardaşım atama söyləyib ki, ona qarşı narkotik ittihamını təsdiqləmək üçün, işgəncə altında narkotik tərkibli bir maye içirdiblər və ondan sonra ekspertizaya aparıblar.
Tural Sadıqlı

Tural Sadıqlı: Bizim Azad Söz adında Facebook səhifəmiz var və səhifənin 250 min izləyicisi var və mən özüm Azərbaycan hökümətinə qarşı davamlı çıxışlar edirəm. Həmçinin bizim səhifə vasitəsilə Azərbaycan hökümətinin hərtərəfli siyasəti tənqid olunur.

Bundan əvvəl qardaşım Elgiz Sadiqov 2015-ci ildə bir dəfə mənim fəaliyyətimə görə, Azərbaycanda şərlənərək həbs edilmişdi və Sabuncu rayon məhkəməsinin qərarı ilə iki il şərti cəzaya məhkum edilmişdi.

Bu ilin 18 fevralından başlayaraq Azərbaycan polisi Bakıda yaşayan ailəmə qarşı yenidən təzyiqlərə başladı. 18 fevral Sabunçu rayonunun polisləri evimizi mühasirəyə aldı, atam Əlövsət Sadıqlını və Ramil adlı bir qonşumuzu həbs edərək, polis bölməsinə apardı. Onları bir gün bölmədə saxladılar. Atamdan mənim fəaliyyətimin dayandırılması və konkret olaraq qardaşım Elgiz Sadıqovun polis bölməsinə gəlib, təslim olunması tələb olundu. Təbii ki, bu, mümkün deyildi. Qardaşım təslim olmadı və qeyri-rəsmi olsa da axtarışda idi. Bir gün sonra atam və qonşumuz azad edildi, amma təzyiq dayanmadı. Evimiz hələ də polis nəzarətində qalırdı, qardaşımı güdürdülər ki, birdən o ya evə gələr ya da evdən çıxar və onlar qardaşımı həbs edərlər.

Fevral 23-ü qardaşım Elgiz Sadıqov Bakıda Nəsimi rayonu ərazisində həbs edildi. Atam, ailəm, dost-tanış bu barədə nə qədər dövlət orqanlarına müraciət etsə də, Elgiz Sadıqovun harada olduğu barədə məlumat almağa çalışsalar da, axtarışlar heç bir nəticə vermədi. Ailəm onu hətta təcridxanalarda, polis bölmələrində, Sabunçu rayounun müxtəlif polis bölmələrində və polis idarəsində axtardı, 102 xidmətinə dəfələrlə zəng etdi, hətta xəstəxanalarda belə axtardılar, amma təəssüf ki, tapılmadı, axtarışlarımız nəticə vermədi.

Ən son Qızıl Xaç Aypara cəmiyyətinə müraciət etdik və onların vasitəsilə, nəhayət ki, Elgiz Sadıqovun harada olduğu müəyyənləşdi və məlum oldu ki, onu Binəqədi təcridxanasında saxlayırlar. Amma bundan öncə atam digər hüquq müdafiəçisi ilə bərabər dəfələrlə Binəqədi təcridxanasına getmişdi və ona qardaşımın orada olmadığını söyləmişdilər. Hətta Bakıda fəaliyyət göstərən jurnalist Dəyanət Babayevi də Binəqədi təcridxanasına salaraq həbs etmişdilər və daha sonra cərimələyib, buraxmışdılar.

Elgiz Sadıqlı
Elgiz Sadıqlı

Deməli, qardaşımın həbsindən 4 gün sonra, fevralın 27-də atam Əlövsət Sadıqlı onunla Binəqədi təcridxanasında görüşmək imkanı əldə edib, görüşə bildi.

Amerikanın Səsi: Siz Facebook səhifənizdə yazmışdınız ki, qardaşınız Elgiz 4 gün ərzində döyülüb, işgəncələrə məruz qalıb. Bunu nə ilə izah edirlər?

Tural Sadıqlı: Hələlik heç bir izahat verilmir. Heç bir şey söyləmirlər. Biz onsuz da vəkil vasitəsilə onun həbsi ilə bağlı apeilyasiya məhkəməsinə müraciət etmişik. İndi işgəncə ilə bağlı da müəyyən yerlərə, orqanlara məlumat verilib. Bundan əlavə müraciətimiz və şikayətimiz də olacaq. Amma hələlik heç bir rəsmi açıqlama verməyiblər. Düşünmürəm ki, onlar açıqlama verib, işgəncə verdiklərini təsdiq etsinlər. Amma atam söyləyir ki, qardaşımla görüşdüyü zaman o, dayana bilmirdi, axsayırdı, əlini sağına, soluna, qabırğalarına qoyurdu, ağrılardan dayana bilmirdi.

Qardaşım atama söyləyib ki, ona qarşı narkotik ittihamını təsdiqləmək üçün, işgəncə altında narkotik tərkibli bir maye içiriblər və ondan sonra ekspertizaya aparıblar. Çox güman ki, öncədən planlaşdırılmışdı ki, ona qarşı narkotik və polisə müqavimət ittihamı irəli sürülsün. Hüquqi tərəfini tam bilməsəm də, son bildiyimə görə, qanunda dəyişikliklər olub və narkotikin az tərkibinə də artıq inzibati cəza verilir, yəni cinayət məcəlləsi ilə tənzim olunmur.

Amma ola bilər ki, son 30 gün müddətində yenidən cinayət işi açsınlar. Aça da bilərlər, çünki bu analoji hal Kanal 13-ün rəhbəri Əziz Orucovun da başına gəlmişdi. Ona 30 gün inzibati həbs cəzası vermişdilər, amma cəzasının bitməsinə bir gün qalmış cinayət işi açılmışdı. İndi Əziz Orucov cinayət məsuliyyəti daşıyır və ağır cinayətlər məhkəməsi tərəfindən məhkum olunub.

Bu ilin 18 fevralından başlayaraq Azərbaycan polisi Bakıda yaşayan ailəmə qarşı yenidən təzyiqlərə başladı. 18 fevral Sabunçu rayonunun polisləri evimizi mühasirəyə aldı, atam Əlövsət Sadıqlını və Ramil adlı bir qonşumuzu həbs edərək, polis bölməsinə apardı.
Tural Sadıqlı

Amerikanın Səsi: Tural bəy, döyüləndən sonra qardaşınıza həkim müdaxiləsi olubmu?

Tural Sadıqlı: Hələ indiyə kimi həkim müdaxiləsi olmayıb. Dörd gün müddətində buna imkan verməyiblər. Heç bizim xəbərimiz yox idi ki, o hardadır, döyülübmü, döyülməyibmi. Son bildiyim məlumata görə, bu gün apellyasiya məhkəməsi keçirilməli idi. Amma onun nəticəsinin nə olduğunu hələ bilmirəm.

Amerikanın Səsi Tural bəy, sizin ailənizə sizdən imtina etmək tələbi irəli sürülübmü?

Tural Sadıqlı: Yox. Bildiyim qədər elə tələb olunmayıb. Düşünmürəm ki, bu təklifi etsinlər mənim ailəmə, çünki atam, qardaşım həbs olunmadan əvvəl biz Azad Söz səhifəsində canlı yayımda idik və həmin ərəfədə elan vermişdik ki, polis bizim evimizi mühasirəyə alıb. Mən təxminən bir saat canlı efirdə atamla danışdım və elə bu sualı da qəsdən atama verdim ki, “əgər səndən tələb etsələr ki, oğludan imtina et, sən bunu edərsənmi?” Atam da cavabında bildirdi ki, “sən heç bir cinayət işlətməmisən və haqlı yoldasan. Mən və ya hər hansı ailə üzvü nəyə görə səndən imtina etməlidir?” Bundan əlavə mənim atam siyasi düşüncəli insandır, müxalifətçidir və biz meydan hərəkatından bəri eyni yolun yolçusuyuq.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG