Accessibility links

Vəkil: Tural Abbaslı təcridxanada əlləri qandallı saxlanır


Tural Abbaslı
Tural Abbaslı

Avqustun 7-də məhkəmənin qərarı ilə 15 sutkalıq həbs cəzası alan Müsavat partiyasının Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı saxlanıldığı Binəqədi müvəqətti saxlanma təcridxanasında pis rəftəra məruz qalıb. Bu barədə Amerikanın Səsinə vəkil Asabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə Tural Abbaslını təcridxanada əvvəlcə onunla görüşə icazə verilməsə də, sonradan bu görüş baş tutub. Vəkil bildirib ki, Tural Abbaslını təcridxanada üç gün qolu qandallı saxlayıblar. Onun sözlərinə görə, bu gün isə onun əllərini istilik cihazına (atepleniya) bağlayaraq, oturaq vəziyyətdə saxlayıblar. “Tural Abbaslı saxlanma şəraitindən narazılıq edib. Tural deyir ki, təmiz yataq, hamam dəsti verilməyib, yemək çirkli və ümumi qabda verilir. Gəzintiyə nadir hallarda çıxarılır. Yemək müntəzəm verilmir, səhər yeməyi ümumiyyətlə olmur. Evdən gətirilən yeməklərə icazə verilmir,” - deyə vəkil əlavə edib. Bununla belə vəkil Tural Abbaslıya istinad edərək bildirib ki, rəis Tural Abbaslıya qarşı şəxsi qərəzli münasibət bildirdiyini açıq-aydın ona söyləyib və bunu gizlətmir. Rəis bunun Turalın müxalifətçi olması ilə bağlı olduğunu deyib.

Asabəli Mustafayev bütün bunları müdafiə elədiyi şəxsə qarşı pis rəftar olduğunu əsas gətirərək, yaxın zamanlarda prokurorluğa məsələnin araşdırılması üçün müraciət edəcəyini qeyd edib. Vəkil hesab edir ki, Tural Abbaslıya qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi (Ayrıseçkiliyin qadağan olunması) pozuntusu var. Vəkil habelə Tural Abbaslıya qarşı edilmiş pis rəftarla bağlı Ombudsman qaynar xəttinə müraciət etsə də, bayram günləri olduğu üçün zənglərə heç kimin cavab vermədiyini deyib.

Amerikanın Səsi bununla bağlı aidiyyatı orqanlardan şərh almağa çalışsa da, bu, mümkün olmayıb.

Məhkəmə Tural Abbaslını 15 sutka inzibati cəzaya məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 313-2.3 maddəsi ilə (inzibati cəzanı yerinə yetirməkdən imtina) təqsirli bilinib. T.Abbaslı 220 saat ictimai işi yerinə yetirməkdən imtina edib. Bu, yanvarın 12-də Bakının mərkəzində gənclərin etiraz aksiyasında iştiraka görə 600 manat həcmində cərimədən imtinaya görə verilən inzibati cəzadır. O zaman bir neçə min gənc orduda qeyri-döyüş şəraitində ölüm hallarına etiraz edib. Məhkəmədə T.Abbaslı ictimai işlərdən yayınma ilə bağlı ittihamı rədd edib. Belə ki, gənc fəal 41 saylı MKİİ-də olub və qeydiyyata düşüb. Lakin heç kim ona iş təklif etməyib.
Müsavat Partiyası məhkəmənin qərarını siyasi motivli hesab edir.

XS
SM
MD
LG