Accessibility links

Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)


Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)
Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)

Cəmil Həsənli təvazökar insandır. Özü haqda çox danışmağı sevmir. Bəlkə də Sovet tarixini bütün xırdalıqları ilə bilməsindən irəli gəlir. Şəxsiyyətə pərəstişin normal etiket hüdudlarını aşdığı bir cəmiyyətdən çıxmış tarixçi başqa mövzularda biliklərini paylaşmağa üstünlük verir.

Bu yaxınlarda haqqında Birləşmiş Ştatlarda kitabı dərc olunduğu SSRİ-Türkiyə münasibətləri haqda soruşmaq istəyirsən, buyur. İran azərilərinin ağrılı keçmişi və bu günü haqda sualları məmnunluqla cavablandırsın. Amma Azərbaycanı dünyanın ən nüfuzlu akademik dairələrinə tanıtmış Cəmil bəy özünə gəldikdə bəlağətdən büsbütün yayınır.

“Çox qəribədir ki həyatımın ən həlledici anlarını təsadüflər müəyyən edib,” Cəmil bəy deyir.

Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)
Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)
1952-ci ilin qışında, Biləsuvar mahalında anadan olmuş Cəmil Həsənli Bakıya ali təhsil dalınca gəlişini xatırlayır. Məqsəd xarici dillər institutunda ingilis dili üzrə ixtisaslaşmaq idi. Attestatında meydana çıxmış problem üzündən sənədlərin qəbulu yubanır. Səhər geri qayıtmağı planlaşdıran gənc Cəmil təsadüfən o zamankı Azərbaycan Dövlət Universitetinin yanı ilə keçərkən əmisi oğlu ona burada bəxtini sınamağı təklif edir.

Dəhlizdə başqa abityurentlərlə imtahandan öncə söhbətləşən Cəmili müşahidə edən müəllim Rəfael Süleymanov gənci yanına çağırır. “Bizə elə sənin kimi adamlar lazımdır.” Bu sözlərlə də Cəmil Həsənlinin tarixçi həyatı start götürür.

Süleyman Əliyarlı, tarix elmləri doktoru
Süleyman Əliyarlı, tarix elmləri doktoru
Cəmil bəy tələbəlik illərində ona dərs demiş müəllimlərini ehtiramla yada salır, və tarixçi kimi formalaşmasında rol oynamış ziyalıları sadalayır. Onların sırasında bir vaxtlar Cəmil bəyə müəllimlik etmiş tarixçi Süleyman Əliyarlı ilk illərdən tələbəsinin ciddiliyi, tarix elminə xüsusi sevgisi ilə nəzərə çarpdığını deyir: “Cəmil bəyi mən tələbəlikdən xatırlayıram, xüsusilə aspirantura illərindən. Öz çalışqanlğı, elmə dərin və ciddi münasibəti, intellekti ilə seçilirdi.”

İndi onlar həmkardırlar.

“Bizim münasibətlər həmişə müəllim-kolleqa səviyyəsində yaxın və səmimi olub. Amma kolleqa kimi və tanınmış istedadlı tarixçi alim kimi Cəmil Həsənli haqda bir şeyi qeyd etməliyəm. Cəmil Həsənli bir tədqiqatçı kimi regionşünaslıq çərçivəsi dışında daha görkəmli əsərlər müəllifidir. Və çalışmalarının böyük qismi beynəlxalq münasibətlər, xüsusilə, Amerika və Sovetlər Birliyi arasındakı münasibətlər - İkinci Cahan Müharibəsindən öncə və əvvəlki illərdə baş verənlər barədə çox dəyərli, olduqca ağırlıqlı əsərlərin müəllifidr… Mən deyərdim ki, Azərbaycan tarixçiliyində Cəmil bəy ön sırada dayanan və dünya tarix elminin Avropa, Amerika, Türkiyə, İran tarixçilərinin üzərində çalışdıqları mövzulara yenilik gətirmiş bir alimdir,” deyə professor Əliyarlı bildirir.

Cəmil bəy haqda xoş emosiyaları və müsbət düşüncələri təkcə onun müəllimləri və həmkarları deyil, onun uzun müddət əvvəl tələbələri olmuş adamlar da paylaşır. Cəmil bəyin tədrisindən ilhamlanaraq gələcəyini tarix peşəsinə bağlamış Bakı Sosial Pedaqoji Kollecdə tarix müəlliməsi qismində çalışan Səlimə Qasımova deyir: “O dövrdə gənc tarixçi alim olan Cəmil müəllim öz dərin dünyagörüşü, müsbət mənəvi keyfyyətləri, alicənablığı ilə çoxlarından fərqlənirdi. Bir insan haqqında nə qədər gözəl sözlər söyləmək mümkündürsə, bu sözləri Cəmil müəllimə ünvanlamaq olar.”

Cəmil bəyin sözlərinə görə, 1970-ci illər Azərbaycanda milli tarixçilər nəslinin yetişdiyi dövrə təsadüf edirdi. Cəmil bəy siyasi baxışlarının təkamülünü Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və o zaman universitetdə millətçilik ideyalarını yayan Əbülfəz Elçibəylə bağlayır.

1980-ci illərin sonunda istiqlaliyyət hərəkatının fəal iştirakçısı olmuş Cəmil Həsənli ustadı Əbülfəz Elçibəyin irsini ardıcıl şəkildə davam etdirməyə başladı. Tarixçi kimi onlarla kitab dərc etdirən Cəmil bəy millətinnin ehtiyac duyduğu məqamda siyasətdən kənarda qalmamağa qərar verdi. Seçkilərin az-çox milli iradəni əks etdirdiyi dönəmlərdə Cəmil Həsənli millət vəkili oldu. Xalqın səsini parlament tribunasından duyurdu.

Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)
Təsadüflər Üzərində Qurulmuş 60 İl (Audio)
Azərbaycanda hüquq pozuntularının vüsət alması və siyasi mühitin avtoritarlaşması onu təsadüflər üzərində qurulmuş həyatının növbəti mərhələsinə yuvarladı. Cəmil bəyin təşəbbüsü ilə ərsəyə gələn Ziyalılar Forumu Azərbaycanı bürümüş korrupsiya bəlasını tənqid etməyə, azəri-türkləri üçün öz vətənlərində siyasi azadlıqlar tələb etməyə başladıqda Sovet üslublu təhdidlərə məruz qaldı. Bu təhdidlərin nəticəsi olaraq işdən çıxarılmış görkəmli akademik, professor Rafiq Əliyev Cəmil bəyi belə xarakterizə edir.

“Mən Cəmil bəy çox ölçülü atributlu şəxsiyyət kimi səciyyələndirərdim. Allah insanı pareto optimal yaradır - yəni, kimə nəyisə verəndə başqa yerdən alır. Amma elə insanlar var ki, Allahın sevgisinə tuş gəlir. Onda Allah çox şeyi əsirgəmir. Bax Cəmil bəy belə şəxsiyyətlərdəndir – mənim dostum.”

Qəlbi millət sevgisi ilə döyünən Cəmil Həsənli başqa bir dövrdə, başqa bir mühitdə yəqin ki, bütün vaxtını tarixi araşdırmalara, keçmişin sirlərini üzə çıxarmağa həsr edərdi.

Amma zülmə qarşı haqq səsini qaldırmış bir çox tarixi şəxsiyyətlər kimi Cəmil bəy siyasi fəaliyyətini zəmanənin çiyinlərinə qoyduğu məsuliyyət yükü, gələcək nəsillər qarşısında borc kimi görür. Tarix peşəsinə olan sevgisi Cəmil bəyin millət sevgisini üstələmir.

XS
SM
MD
LG