ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirilən NATO zirvə görüşünün əvvəlində açıq şəkildə Almaniyaya hiddətlənib.
Tramp Almaniyanın Rusiya ilə Baltik dənizi qaz boru kəməri razılığını dəstəkləməsini tənqid edib.
“İndi buna baxanda Almaniya Rusiyanın əsiridir. Onlar kömür mədənlərini bağlayıb, nüvə silahlarını dayandırıb. Onlar Rusiyadan çoxlu neft və qaz alır. Düşünürəm ki, NATO buna nəzər yetirməlidir. İndi sizin bununla bağlı nə edəcəyinizi bilmirəm. Amma bu, məntiqli görünmür. Onlar Rusiyaya milyardlarla dollar verir və indi biz onları Rusiyadan qorumalıyıq”- deyə, Donald Tramp bildirib.
Görüş zamanı və görüşdən sonra NATO-nun baş katibi Cens Stoltenberq məsələyə dair mövqeyini bildirərək, NATO üzvlərinin aralarındakı fərqliliyə baxmayaraq, birgə işləyə bildiklərini deyib.
“Biz birgə daha güclüyük nəinki, ayrılıqda. NATO müttəfiqləri qorumaq üçün güclü olmalıdır. Biz qüvvələrimizi birgə gücləndirməklə müdafiəni möhkəmləndirəcəyik. Bu isə o deməkdir ki, ABŞ qoşunları, Kanada qoşunları, Avropa qoşunları birgə çox iş görməlidir” - deyə, Cens Stoltenberq bildirib.
Trampın sammitdə hərbi xərclər barədə NATO-nu sorğu-sual etməkdə davam edəcəyi gözlənilir. Bu isə ABŞ prezidenti ilə ABŞ-ın yaxın müttəfiqləri arasında münasibətlərin gərginləşməsi deməkdir.