Ukrayna, İsrail və Tayvana xarici yardım üçün 106 milyard dollar ayıran, eyni zamanda Ağ Evin və hər iki partiyadan senatorların aylardır üzərində çalışdıqları immiqrasiya qaydalarını sərtləşdirən qanun layihəsi keçmiş prezident Donald Tramp tərəfindən dağıdılmaq təhlükəsi altındadır.
İmmiqrasiyanı 2024-cü il prezident seçkisinin ən önəmli məsələsi hesab edən seçicilər tərəfindən dəstəklənən Tramp ötən həftə Ayovada, çərşənbə axşamı isə Nyu Hempşir praymerizində qalib gəlib.
“Biz bunu doğru demişik - immiqrasiya böyük məsələdir,” Tramp çərşənbə axşamı qələbə nitqində deyib. “Ölkəmizə qeyri-qanuni yolla milyonlarla insan axışır. Onlar həbsxanlardan və psixi qurumlardan gəlir,” o, iddialarını dəstəkləyəcək heç bir sübut irəli sürmədən deyib.
Tramp seçki kampaniyasında immiqrasiya əleyhinə təhrikedici ritorikadan istifadə edib və deyib ki, immiqrantlar “ölkəmizin qanını zəhərləyir.”
Bu qələbə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi almaq üçün öndə gedən Trampı populyarlığından istifadə edərək, partiyasından olan qanunvericilərə immiqrasiya məsələsində güzəştə getməmələri üçün təsir göstərməyə cəsarətləndirə bilər.
“Mən əksrəiyyəti bilinməyən yerlərdən gələn milyonlarla insanların bizim bir zaman möhtəşəm olan, amma yaxın yenidən möhtəşəm olacaq ölkəmizə istilasının qarşısını almaq üçün lazım olan hər şeyi əldə etməyənə qədər, Sərhədlə bağlı razılığın olmamalı olduğunu düşünürəm,” Tramp ötən həftə Truth Social adlı sosial media platformasında yazıb.
“Mənim həmçinin şübhəm yoxdur ki, bizim gözəl Nümayəndələr Palatası spikerimiz Mayk Conson yalnız SƏRHƏDLƏ BAĞLI MÜKƏMMƏL bir sövdələşmə əlsə edəcək.”
Respublikaçılar “məhdud olmayan yardıma” qarşıdırlar
Trampın sözləri Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson və Konqresin digər liderlərinin Bayden administrasiyasının milli təhlükəsizliyin maliyyələşdirilməsi tələbi ilə irəliləyiş yolunu müzakirə etmək üçün Ağ Ev rəsmiləri ilə görüşməsindən sonraya təsadüf edib. Buna Rusiyaya qarşı müharibəsində Ukraynaya maddi yardım, habelə Respublikaçıların sərhəd təhlükəsizliyi tələblərinə şərt qoyduqları İsrail və Hind-Sakit Okean üçün pul daxildir.
“Məncə Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir”, Bayden müxbirlərə görüşlə bağlı suala cavab olaraq deyib. “Məsələ kiçik azlığın bunu dəstəkləyib-dəstəkləməyəcəyidir ki, bu, fəlakət ola bilər”.
Sərhədlə bağlı tələblərindən əlavə, bəzi Respublikaçılar həmçinin “ABŞ-ın Ukraynaya qeyri-məhdud yardımı”na qarşıdırlar və apreldə deyiblər ki, onlar “bu müharibəni tez bir zamanda sona çatdırmaq üçün nəzərdə tutulmuş aydın diplomatik strategiya ilə əlaqələndirilmədikləri təqdirdə, bütün gələcək yardım paketlərinə qarşı çıxacaqlar”.
Forum