Federal Təhqiqatlar Bürosunun (FBI) ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirməsindən sonra siyasi zorakılıq geniş şəkildə pislənib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırışlar səslənməkdədir.
Noyabr ayında keçiriləcək prezident seçkilərində Trampın rəqibi, vitse-prezident Kamala Harris verdiyi açıqlamada bazar günü Floridadakı qolf meydançasında baş verən hadisədən "dərin narahatlığını" bildirib.
"Biz hamımız bu hadisənin daha böyük zorakılıqlara səbəb olmamasını təmin etmək üçün üzərimizə düşəni etməliyik," Harris bildirib.
"Amerika Birləşmiş Ştatlarında siyasi zorakılığa qətiyyən yer yoxdur," Respublikaçı senator Tim Skott deyib.
Florida qubernatoru Respublikaçı Ron Desantis insanların "sui-qəsdçi haqqında və onun Trampa bu qədər yaxınlaşmağı necə bacardığı bardə həqiqəti bilməli" olduğunu və ştatının insidentlə bağlı özünün təhqiqat aparacağını bildirib.
Məxfi xidmətin fəaliyyəti iyul ayında seçki kampaniyası zamanı Trampın qulağından güllə yarası almasından sonra diqqət mərkəzindədir.
ABŞ-ın dördüncü ən yüksək rütbəli Respublikaçı rəsmisi, Konqres üzvü Elis Stefanik bazar günü oxşar suallar qaldırıb.
"Pennsilvaniyadakı dəhşətli sui-qəsd cəhdinə hələ də cavab yoxdur və biz bu gün Floridada baş verənlərlə bağlı aydın izahat verilməsini gözləyirik," Stefanik deyib.
Demokrat Konqres üzvü Ro Xanna Trampın həyatına iki dəfə sui-qəsd cəhdini "qəbuledilməz" adlandırıb və əlavə edib:
"Məxfi xidmət sabah Konqresə gəlməli, təhlükəsizlik perimetrini genişləndirmək üçün hansı resurslara ehtiyac olduğunu deməlidir və gəlin həmin gün bu məsələni ikipartiyalı səsvermədə həll edək."
Respublikaçıların nümayəndəsi Darrel İssa da oxşar mesajla çıxış edib.
"Gördüklərim kifayətdir. Əgər Konqres Məxfi Xidməti Donald Trampı müdafiə etməyə məcbur etməlidirsə, biz bunu edəcəyik," o deyib.
Tramp bazar günü "Truth Social" sosial media platformasındakı paylaşımında onun təhlükəsizliyini qoruduqları üçün Məxfi Xidmətə və yerli polisə təşəkkür edib.
Bayden Məxfi xidmətin daha çox köməyə ehtiyacı olduğunu deyib.
Prezident Co Bayden verdiyi açıqlamada administrasiyasının "keçmiş prezidentin davamlı təhlükəsizliyini təmin etmək üçün Məxfi Xidməti lazım olan bütün resurslar, imkanlar və müdafiə vasitələri ilə təmin etməkdə davam edəcəyini" deyib.
Bazar günü baş verən hadisəyə xaricdən də münasibət bildirilib.
Britaniyanın baş naziri Keir Starmer jurnalistlərə sui-qəsd cəhdi barədə xəbərdən narahat olduğunu deyib.
"Hesab edirəm ki, bizim hamımızın zorakılığın hər hansı siyasi prosesdə heç bir rolu olmadığını çox və çox aydın şəkildə başa düşməyimiz həqiqətən vacibdir," Starmer deyib.
Ukrayna prezidenti Volodimir Zelenski Trampın zərər görmədiyini eşitdiyinə görə məmnun olduğunu bildirib.
"Bizim prinsipimiz budur - qanunun aliliyi hər şeydən üstündür və siyasi zorakılığa dünyanın heç bir yerində yer yoxdur. Biz ürəkdən ümid edirik ki, hamı təhlükəsiz qalacaq," Zelenski bildirib.
İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, İsrail xalqı Trampa "bu yaxınlarda onun həyatına ikinci sui-qəsd cəhdindən sonra" ən xoş arzularını çatdırır.
Bu arada, Martin qraflığındakı şerif müavinləri şübhəlini qısa müddət sonra qolf meydançasından təxminən 65 kilometr aralıdadakı ştatlarlarası 95 şossesində insidentsiz yaxalayıb.
Rayan Rut bazar ertəsi West Palm Beach federal məhkəməsində ilkin məhkəmə çıxışını edib. O, odlu silah saxlamaqda və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaqda ittiham olunub.
Forum