Accessibility links

Tramp və Kuomonun infrastruktur sərmayələrini müzakirə edəcəyi gözlənilir


Nyu York qubernatoru böyük infrastruktur layihələrinin iqtisadiyyatın yenidən fəaliyyətə başlamasına kömək edəcəyinə inanır.

Nyu-York ştatının qubernatoru Endrü Kuomo çərşənbə günü Vaşinqtona gedərək prezident Donald Tramp ilə görüşəcəyini və koronavirus pandemiyasının zərər vurduğu ABŞ iqtisadiyyatının yenidən fəaliyyətə başladılmasının bir yolu olaraq böyük infrastruktur sərmayələrini müzakirə edəcəyini deyib.

Çərşənbə axşamı gündəlik brifinq zamanı Kuomo ştatdakı böyük tikinti layihələrini, o cümlədən La Qardiya Hava Limanının müasirləşdirilməsini və Nyu York şəhərindəki Pensilvaniya vağzalının təmirini sürətləndirməyi planlaşdırdığını bildirib.

Federal hökumətin pandemiyaya reaksiyasına dair Tramp ilə dəfələrlə mübahisələr edən Demokrat qubernator prezidentlə görüşdə infrastruktura böyük sərmayələr ideyasını irəli sürəcəyini söyləyib. Kuomoya deyib ki, sabiq prezidentlər ABŞ-dakı körpüləri, avtomobil yollarını və dəmir yollarını yeniləmək barədə verdikləri vədləri yerinə yetirməyiblər.

“Bu, prezidentlə müzakirə etmək istədiyim mövzulardan biridir. İqtisadiyyatı yenidən başlatmaq, iqtisadiyyatı açmaq istəyirsinizsə, gəlin yaradıcı bir həll tapaq və bunu tez bir zamanda həyata keçirək, amerikalıları yenidən işə qaytaraq", qubernator bildirib.

Ştat rəsmisi pandemiyadan əvvəl və sonra infrastruktur yatırımlarını dəstəklədiyini söyləyən Tramp ilə qarşıdakı görüşlə bağlı digər təfərrüatları açıqlamayıb.

Qubernator həmçinin, Nyu York ştatının bərpa olunan enerjiyə sərmayə qoyacağını və ştatın cənub hissəsinin, o cümlədən, Nyu York şəhərinin daha çox enerji tələb edən bölgələrini təmin etmək üçün şimal bölgəsində bərpa olunan enerji istehsalını stimullaşdıracağını açıqlayıb.

XS
SM
MD
LG