Senat impiçment məhkəməsində prezident Donald Trampa impiçmentin hər iki maddəsi üzrə bəraət qazandırıb. Respublikaçıların əksəriyyətdə olduğu Senatda Trampa qarşı irəli sürülmüş vəzifəsindən sui-istifadə etmək və Konqresdə təhqiqatın qarşını almaq ittihamları üzrə səsvermə ilə üç həftə davam edən impiçment məhkəməsi sona çatdı.
ABŞ prezidenti Donald Tramp vəzifəsindən kənarlaşdırılmayacaq.
“Birləşmiş Ştatlar prezidenti Donald Tramp impiçmentin birinci maddəsi ilə ittiham olduğu kimi günahkar deyil”, Ali Məhkəmənin hakimi Con Roberts qərarı oxuyur.
Partiya mənsubiyyətinə görə keçirilən səsvermədə Demokratlar Trampın ABŞ-ın Ukraynaya yardımını onun siyasi rəqibi Co Bayden və onun oğlu Hanterlə bağlı təhqiqat aparmaqla şərtləndirərək, Amerika demokratiyasını sarsıtdığını bildirirlər.
Demokrat Senator Doq Cons: “Prezidentin hərəkətləri onun qanundan yuxarı olduğuna, Konqresin onun hərəkətlərini sorğulama və araşdırma gücü olmadığına və kim bunu etsə, onların özü üçün təhlükə və riski qarşısında edəcəyinə inandığını göstərir.”
Amerika tarixində Nümayəndələr Palatasında impiç edilən üçüncü prezident olan Trampın Demokratların xəbərdarlığına baxmayaraq, Respublikaçıların nəzarətində olan Senatda bəraət qazanacağı gözlənilirdi.
Demokrat Senator Kamala Harris: “Donald Tramp öz mənfəəti üçün vəzifəsindən sui-istifadə etmək, Konqresin onun qanunsuz davranışını araşdırmasını dayandırmaq üçün səlahiyyətlərindən sui-istifadə etməkdən yaxasını qurtarıb, yalandan bəraət aldığını iddia edir. O, məsuliyyətdən qaça biləcək, çünki senatorların əksəriyyəti onun bunu etməsinə imkan verir.”
Prezidentin öz partiyasından senatorlar ona bəraət vermək üçün səsvermənin müxtəlif səbəblərini göstəriblər. Bəziləri Trampın öz səlahiyyətləri daxilində hərəkət etdiyini iddia edirlər.
Respublikaçı Senator Con Korbin: “Prezidentin həm Respublikaçı, həm də Demokratlar tərəfindən istifadə edilmiş uzun müddətdir tanınan və konstitusiyada əsaslandırılmış imtiyazları təsbit etdiyinə görə vəzifəsindən uzaqlaşdırılması çox təhlükəli bir presedent yaradır.”
Digər Respublikaçılar isə onun hərəkətlərinin uyğunsuz olduğunu desələr də, impiçment üsulunun çox sərt olduğunu bildiririlər. Lakin Amerika tarixində ilk dəfə olaraq, bir Senator impiçment məhkəməsində öz partiyasından prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib.
Respublikaçı Senator Mitt Romni: “Bu, bizim seçki hüquqlarımıza, milli təhlükəsizliyimizə və bizim fundamental dəyərlərimizə qarşı kobud bir həmlə idi. Vəzifəsində qalmaq üçün seçkini pozmaq mənim təsəvvürümdə vəzifə andının ən kobudcasına və ən dağıdıcı şəkildə pozulmasıdır.”
Romninin səsi prezidentin Respublikaçıların onun günahsız olduğuna yekdilliklə dəstək verdiyini deməsinə imkan vermir. Demokratlar isə Respublikaçıların Senat məhkəməsində şahidlərin qarşısını almasının nəticələri etibarsız etdiyini deməyə davam edir.
Demokrat Senator Çak Şumer: “Prezidentin bəraəti qarşısında bir nəhəng sual işarəsi var. Bu da o deməkdir ki, o, faktlar olmadan, ədalətli məhkəmə olmadan bəraət alıb və onun bəraət almasının faktiki olaraq heç bir dəyəri yoxdur.”
Amerika xalqı həmçinin qarşıdan gələn 2020-ci il prezident seçkilərində Trampın hərəkətlərinin qiymətləndirəcək.
Brikinqs İnstituunun təhlilçisi Elayn Kamark: “Seçicilər arasında və Vaşinqtonda siyasətçilər arasında güclü bir hiss var ki, biz seçki ilindəyik, biz seçicilərin Tramp haqda və onun hərəkətləri haqda nə fikirləşdikləri haqda qərar vermələrinə imkan verməliyik.
Nümayəndələr Palatasında impiçment prosesinə rəhbərlik edən Cerri Nadler müxbirlərə Demokratların prezidenti araşdırmalar yolu ilə məsul tutmağa davam edəcəklərini bildirib. Burada isə keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun ifadə verməsi üçün məhkəmə qərarı istisna edilmir.