Accessibility links

Tramp Rusiya təhqiqatının qeyri-leqal olduğunu iddia edir


ABŞ prezidenti Donald Tramp bazar günü heç bir dəlil gətirmədən iddia edib ki, 2016-cı ildə onun seçki kampaniyasının Rusiya ilə əlaqələrinə dair təhqiqata “qanuna görə icazə verilmir”.

Tramp Twitter səhifəsindəki şərhdə xüsusi pokuror Robert Müllerin təhqiqatını “qeyri-leqal” adlandırıb və təhqiqatın “cinayət tampaq üçün davam etdiyini” bildirib. Lakin Müller Ədliyyə nazirliyi tərəfindən təyin olunub və hakimlər prosesin qanuni şəkildə aparıldığı haqda qərar verib.

Tramp yenə də Rusiya ilə əlaqənin olduğunu inkar edib. O, xüsusi prokuror Müllerin komandasını “17 qəzəbli demokrat” adlandırıb.

Lakin Tramp Müllerin 16 aydır davam edən təhqiqatında son inkişaflara toxunmayıb. Cümə günü prezident Donald Trampın keçmiş kampaniya meneceri Pol Manafort cinayətə qəsd və şahidlərə təsirə görə ona qarşı sürülmüş ittihamlar üzrə təqsirini etiraf edib. Prokurorlar Manaforun Trampın kampaniyası haqda bildiklərini bölüşərək, təhqiqatla əməkdaşlıq etdiyini elan edib.

Pol Manafort
Pol Manafort

Vaşinqtonda uzun illərdir lobbiçilik fəaliyyəti aparmış 69 yaşlı Pol Manafort Virciniya ştatının məhkəməsində avqust ayında vergi və bank fırıldaqçılığında ittiham olunub.

Prokurorlar Manafortun Trampın 2016-cı ildə seçki kampaniyasının meneceri kimi beş ay müddətində çalışdığı dövrdən əvvəl Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç üçün lobbiçilik səyləri ilə əlaqədar işlə bağlı bəzi ittihamları onun Müllerin təhqiqatına məsələyə dair bütün suallara “tam və düzgün” cavab verməsi müqabilində aradan qaldırıb.

ABŞ prezidenti Donald Tramp və onun seçki kampaniyasının meneceri olmuş Pol Manafort, 21 iyul, 2016.
ABŞ prezidenti Donald Tramp və onun seçki kampaniyasının meneceri olmuş Pol Manafort, 21 iyul, 2016.

Lakin prokurorların artıq məhkəmə dinləmələrindən sonra ona qarşı bəzi ittihamları aradan qaldırmasına baxmayaraq, Manafortun Müllerin təhqiqatına Trampın kampaniyası ilə bağlı hansı məlumatları verə bilməsi ictimaiyyətə məlum deyil.

Manafort Müllerin təhqiqatında bir mühüm görüşdə rol oynayıb. Bu, 2016-cı ilin iyun ayında Nyu-Yorkda o zaman prezidentliyə namizəd Trampın qərargahı olan Tramp qülləsində keçirilən görüşlə bağlıdır. Manafort Trampın böyük oğlunun Trampın seçkilərdə rəqibi olan demokrat Hillari Klintonla bağlı kompromat təqdim etməyə söz verən rusiyalı vəkillə təşkil etdiyi görüşdə iştirak edib. Trampın oğlu vəkilin informasiya təqdim etmədiyini bidirib. Prezident Tramp isə görüşün təşkil edildiyi haqda xəbəri olmadığını deyib.

XS
SM
MD
LG