"İndi Meksika üçün narko-kartellərə qarşı ABŞ-ın yardımı ilə MÜHARİBƏ etməyin və onları yer üzündən silməyin vaxtıdır," Birləşmiş Ştatlar prezidenti bəyan edib.
Donald Tramp Meksikanın dövlət başçısı Andres Manuel Lopez Obradoru yerli narko-kartellərə qarşı mübarizənn gücləndirməyə çağırıb.
“Əgər Meksikaya bu kimi dəhşətlərə son qoymaq yolunda yardım lazımdırsa və ya yardım istəyirsə, ABŞ müdaxilə edərək, daha tez və daha effektiv şəkildə yardım edə bilər,” Tramp tvit edib.
ABŞ prezidentinin son bəyanatı Meksikanın şimal bölgəsində 9 nəfərdən ibarət amerikalı mormon ailəsinin qətlə yetirilməsindən sonraya təsadüf edir. Öldürülənlər arasında 6 uşaq və 3 qadın olub.
Meksikanın Təhlükəsizlik Naziri Alfonso Duraso və qurbanların ailə üzvləri LeBaron ailəsinin artıq on illərdir sərhəd bölgəsində yaşadığını, onların Amerika vətəndaşı və Mormon icmasının üzvləri olduğunu deyib.
Bildirilib ki, onlara hücum ABŞ-la sərhəd Sonora və Çiyaya arasında 3 maşınla səyahət edərkən edilib.
ABŞ müdaxilə edərək, daha tez və daha effektiv şəkildə yardım edə bilər
Nazir deyib ki, maşınlar konvoy şəklində hərəkət etdiklərinə görə, onları yerli cinayət qruplaşması hesab etmişlər. Durasonun sözlərinə görə, polis və əsgərlər itkin düşmüş bir uşağın axtarışını davam etdirir.
Son zamanlar Meksikada hücumların artması buna adət edən yerli sakinləri belə narahat edib.
"Meksikanın yeni prezidenti bu sahəyə ciddi diqqət verir. Lakin kartellər o dərəcədə böyüyüb, nüfuz sahibi olub ki, bəzən ordu üzərində qələbəyə ordu lazım olur,” ABŞ prezidenti əlavə edib.
Tramp deyib ki, Meksika ilə ABŞ-ın qüvvələrini toparlayıb narko-kartellərə "müharibə" elan etməsi vaxtıdır.
Meksika Prezidenti Lopez Obrador Trampla çərşənbə axşamı telefonda danışıb.
"Mən ona bizi dəstəkləməyə hazır olduğuna görə təşəkkür etdim və onu məlumatlandırıdım ki, Meksika hökuməti və onun təsisatları ədalətin öz yerini tapması üçün hərəkətə keçəcək." Obrador deyib.
Lakin günün əvvəlində Meksika lideri Trampın bəyanatının "onların inanclarına uyğun gəlmədiyini" deyərək "ən pisi müharibədir" deyə elan etmişdi.
Sonora və Çiyaya ştatlarının rəsmiləri birgə bəyanat yayaraq, istintaqa başlanıldığını bildirib. Bəyanatda sərhəd bölgəsinə federal və yerli təhlükəsizlik xidməti işçilərinin göndərildiyi bildirilsə də, təfərrüata varılmayıb.
ABŞ-ın Meksikadakı səfiri Kristofer Landau vəziyyəti yaxından izlədiyini bildirib.
2010-cu ildə Çiyayada Mormon icmasının 2 üzvü qətlə yetirilmişdi. Həmin şəxslər də Lebaron ailəsinin üzvləri idi.
Güman edilir ki, budəfəki hücum narko-kartel üzvlərinin həbsinin qisası ola bilər.
Alman əsilli bu mormon icması əsas kilsədən ayrılaraq Meksikanın şimalında kök salıb. Onlar kilsənin çoxarvadlılığı qadağan etməsinə etiraz olaraq ABŞ-ı tərk edib.
Xatırlatma
Bir neçə həftə öncə ağır silahlı döyüşçülər cümə axşamı Meksikanın Kuliakan şəhərində təhlükəsizlik qüvvələrini mühasirəyə alaraq narkobaron Hoakin 'El Çapo' Quzmanın oğullarından birini azad ediblər.
Meksikada narkobaron 'El Chapo'nun oğlu oktyabrın 17-i tutulduqdan sonra kartel silahlıları onu azad etməyə müvəffəq olub.
Şəhəri dolaşan çox sayda kartel silahlıları günorta saatlarında Kuliakan şəhərində avtomobilləri yandırıb. Polis və silahlılar arasında atışma baş verib.
Rəsmilər yerli televiziyaya çoxlu sayda insanın həlak olduğunu və yaralandığını bildirib.
Meksikanın Təhlükəsizlik naziri Alfonso Durazo silahlıların təhlükəsizlik qüvvələrinə üstün gəldiklərini və onların dinc əhalinin həyatını təhlükəyə qoymamaq üçün Ovidio Quzmanı sərbəst buraxdıqlarını söyləyib.
"30 nəfərdən ibarət milli hərbiləşdirilmiş polis qüvvəsinə gündəlik patrul zamanı bir evdən hücum edilib. Patrul personalı hücumu dəf edib və içəridə dörd şəxslə birlikdə evi nəzarətə götürüb. Saxlanılanlardan birinin Ovido Quzman Lopez olduğu müəyyən edilib. Bu, patrul gücündən daha böyük olan və bir neçə mütəşəkkil cinayətkar qrupdan ibarət olan qüvvənin evi mühasirəyə almasına yol açıb," nazir deyib.
Sinaloa ştat rəsmiləri təsdiqləyiblər ki, ara qarışan zaman həbsxanadan qaçış da baş verib.
Kuliakan uzun müddət Hoakuin 'El Çapo' Quzmanın Sinaloa kartelinin istehkamı olub.
O, tutulmasından və ABŞ həbsxanasında tonlarla narkotik qaçaqmalçılığına görə mühakimə olunmasından əvvəl onilliklər boyu kartelə rəhbərlik edib.
Oğlunun tutulmasına xaotik reaksiya, daha məşhur atasının həbsləri ilə müqayisədə belə Meksikanın narkotik müharibəsində nadir hallarda görülən bir miqyasda olub.
Baş verənlər çox güman ki, narkotik zorakılığı aradan qaldırmağı vəd edən prezident Andres Manuel Lopez Obradora qarşı təzyiqləri artıracaq.