ABŞ prezidenti Donald Tramp müdafiə naziri Cim Mattisin hökümətdən ayrılacaq növbəti rəsmi ola biləcəyini deyib.
Respublikaçı prezident bazar günü CBS kanalının “60 Minutes” verilişinə müsahibədə Mattisin işdən ayrılacağına dair heç bir işarə olmadığını deyib, amma əlavə edib ki, “mümkündür ki, bu, baş versin. Əgər həqiqəti bilmək istəyirsinizsə, məncə o, demokratdır”.
Lakin prezident əlavə edib ki, təqaüdə çıxmış Dəniz piyadası korpusu generalı “yaxşı insandır” və “onunla çox yaxşı münasibətimiz var”.
Trampın 21 aylıq administrasiyasından çox sayda insan ya istefa verib, ya da vəzifələrindən kənarlaşdırılıb. Onlar arasında keçən həftə bu ilin sonunda vəzifədən gedəcəyini açıqlayan ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli var.
Tramp deyib ki, administrasiyasında hələ də onun “çox sevmədiyi bəzi insanlar” var.
O, dəfələrlə baş prokuror Ceff Seşşınsı özünü Trampın 2016-cı il seçki kampaniyasınının Rusiya ilə əlaqəsini və Trampın prezident ikən ədaləti əngəlləyib-əngəlləmədiyi araşdıran istintaqdan kənarlaşdırdığına görə tənqid, amma onu işdən qovmaqdan imtina edib.
Tramp Ağ Evdə hərc-mərclik olduğuna dair iddiaları “saxta xəbər”adlandırıb.